“Avroviziya 2026” ləğv edilə bilər

“The Sun” qəzetinin məlumatına görə, gələn il keçirilməsi planlaşdırılan “Avroviziya 2026" mahnı müsabiqəsi ləğv edilə bilər. İddiaya görə, İsrailin yarışda iştirakı ilə bağlı yekun qərar verilmədiyi üçün Avropa Yayım Birliyi (AYB) ciddi çətinliklərlə üz-üzə qalıb.
Sfera.az-ın məlumatına əsasən, bir sıra ölkələr artıq İsrailin müsabiqəyə qatılması ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə ediblər.
Hətta bəzi dövlətlərin iştirakdan imtina ehtimalı da gündəmə gəlib. Bu isə təşkilatçılar üçün yeni bir böhran yaradıb.
“The Sun” yazır ki, hazırda AYB müxtəlif ssenarilər üzərində işləyir. Əgər yaxın aylarda tərəflər arasında ortaq mövqe formalaşmasa, yarışın ləğvi variantı da masadadır. Mənbənin qeyd etdiyinə görə, təşkilat müsabiqənin ləğvi ilə bağlı qərar vermək istəməsə də, yaranmış vəziyyətin həll olunmaması ciddi risklər doğurur.
Xatırladaq ki, “Avroviziya 2025” dəfələrlə boykot çağırışlarının kölgəsində baş tutmuşdu. Bir çox ölkənin ictimaiyyətində İsrailin müsabiqədə iştirakı mübahisələrə səbəb olmuş, nəticədə tədbir ətrafında gərgin mühit yaranmışdı.
Hazırda isə diqqətlər AYB-nin atacağı addımlara yönəlib.
Niyaz Hacıyev
Sfera.az






