Bu böyük tədbir ləğv oluna bilər

Hər il Avroviziya Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində keçirilən ən böyük və məşhur “Eurovision In Concert 2026” tədbiri ilə bağlı mühüm qərar açıqlanıb.
Sfera.az xəbər verir ki, təşkilatçılar bildiriblər ki, əgər İsrail Avroviziya 2026-da iştirak etməyə davam edərsə, bu mötəbər musiqi şousu ləğv ediləcək.
Qeyd edək ki, “Eurovision In Concert” Avroviziya iştirakçıları üçün ənənəvi olaraq böyük bir sınaq meydanıdır. Hər il onlarla ölkənin nümayəndəsi bu tədbirdə səhnəyə çıxaraq Avroviziya mahnılarını canlı ifa edir və həm münsiflər, həm də tamaşaçılar üçün ilk təəssürat yaradır. Müsabiqədən əvvəl keçirilən ən böyük promo-konsert kimi tanınan bu tədbir həm də minlərlə fanatı bir araya gətirir.
Bu il isə tədbirin ləğvi ehtimalı Avropa ictimaiyyətində geniş rezonans doğurub. Məsələ İsrailin müsabiqədə iştirakına qarşı artan etirazlarla əlaqələndirilir. Bir çox ictimai təşkilatlar və Avropa ölkələrində fəaliyyət göstərən Avroviziya fan-klubları artıq uzun müddətdir İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edirlər.
Təşkilatçıların qərarı göstərir ki, musiqi sahəsində belə möhtəşəm tədbirlər də siyasi gərginliklərdən kənarda qala bilmir. Hələlik Avropa Yayım Birliyi (AYB) İsrailin Avroviziyadakı iştirakına dair mövqeyini dəyişməyib. Lakin “Eurovision In Concert” kimi ənənəvi tədbirin ləğv ediləcəyi açıqlaması Avroviziya 2026 ətrafında gərginliyin daha da artacağına işarədir.
Niyaz Hacıyev
Sfera.az






