Zamiq konsertöncəsi liftdə qaldı, ayağını sındırıb?


Zamiq konsertöncəsi liftdə qaldı, ayağını sındırıb?

"Konsert hazırlıqlarım uğurla keçdi. Üç gündür ki, Heydər Əliyev Sarayındayıq. Bu günlər ərzində səhnə yığılıb, "soundcheck"lər (səs yoxlama - red.) olunub".

 

Sfera.az xəbər verir ki, bu sözləri iki gün ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında "İfadə" adlı canlı solo konsert proqramı ilə çıxış edən müğənni Zamiq Hüseynov musiqili gecədən əvvəl jurnalistlərlə görüşündə deyib.

 

Sənətçi əvvəlki konsertlərinin bugünkü ilə fərqliliyindən söz açıb: 

 

"Bu konsert digər konsertlərimdən onunla fərqlənir ki, iki gün olacaq. Hər il böyüdüyümüz kimi, musiqi dünyamız da böyüyür və bugünkü repertuarımda yeni musiqilər, aranjimanlar, səslər var. Bunlar hamısı fərqlidir. Konsert səhnəmiz çox gözəldir. Monitorlar inanılmaz gözəldir. Konsertdən əvvəlki hazırlıqlar var, biz onu çəkmişik. Çox maraqlı açılış olacaq! Hamısı ayrı-ayrılıqda maraqlıdır. Texniki avadanlıqlara güvənirəm və demək olar ki, bu gün dəbdə olan texniki vasitələrdən istifadə etmişik. İki ildir ki, konsert etmirdim. Konsertimə 20 gün qalmış bütün biletlər satıldı. Hətta istədik ki, üçüncü gün də konsert edək, amma çatdırmadıq, çünki buna zamanımız olmadı. Həm də belə olan təqdirdə iş gününə düşürdü. Risk etmədik. Bütün bunlar məni xoşbəxt edən məqamlar oldu".

 

Hüseynov musiqili gecədə şouya deyil musiqiyə üstünlük verdiyini dilə gətirib:

 

"Mən daha çox musiqiyə önəm verirəm nəin ki, şouya. Bu mənim təbiətimdən irəli gəlir. Musiqi baxımından gözəl olacaq. Çünki məni sevənlər konsertimə məhz musiqilərimə və mahnılarıma görə gəlirlər, sadə bir Zamiqi sevirlər. Yalandan deməyim ki, bu dəqiqə mən səhnədə şou göstərəcəyəm. Onu-bunu edəcəyəm və sairə... Ən əsası isə əvvəlki konsertlərimdə olduğu kimi bu konsertimdə də yalnız canlı ifalarım səslənəcək".

 

Zamiq bildirib ki, heç bir sənət dostuna dəvətnamə göndərməyib:

 

"Bu dəfə konsertimə heç bir sənət dostumu dəvət etməmişəm. Amma bundan əvvəlki konsertlərimdə çox həmkarlarım iştirak edirdilər. Bu dəfə onlara əziyyət vermək istəmədim. Özünüz də bilirsiniz ki, sənətçinin bir tədbirə gəlməsi çox vaxt aparır - hazırlaşmaq, bəzənib-düzənmək və sairə... Ümumiyyətlə, bu dəfə heç kimə dəvətnamə də verilməyib. Hətta yaxın ailə üzvlərim və dostlarım konsertimə özləri bilet alıblar".

 

Göz-nəzərə inanmadığını söyləyən estrada ulduzu məşqlər zamanı ayağını zədələdiyini və hətta liftdə belə qaldığını açıqlayıb:

 

"Dünən qaranlıq oldu, az qala yox 99 faiz elə hiss elədim ki, ayağımı qırdım. Pilləkandan düşəndə ayağımın sındığını hiss elədim. Ayağım şişdi. Hətta ayağım indi də ağrıyır. Şişkinliyini bir az azalda bildik. Elə bildim ayağım qırıldı, amma şükür Allaha hər şey yaxşıdır. Dünən bir-iki dəqiqə liftdə də qaldım. Özüm-özümü rahatlaşdırıram. Mən gözə, nəzərə inanan insan deyiləm. İndi olub da yəqin daha çox göz olub (gülür)".

 

Müğənni özəl gecə üçün xüsusi səhnə kostyumu hazırlatdığını deyib:

 

"Üzərimdə gördüyünüz kostyumum ayaqqabıma kimi hamısı xüsusi ilə bu gün üçün hazırlanıb. Pencəyimi soyunacağam. Pencəyin altındakı geyim də çox maraqlıdır".

 

"Bu konsertimdə mən nə yerdən çıxacağam, nə də ki göydən düşəcəyəm" deyən Zamiq fikirlərini belə davam etdirib:

 

"Sevdiyim sənətçilərin konsertində musiqi daha çox rol oynayır və daha çox söz deyilir. Mən o təbiətdə insan deyiləm ki, səhnəyə paraşütlə uçum və ya helikopterlə gəlim. Eləsəm, süni alınar. Çünki o adam deyiləm". (Olay)


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bayden və Trampla əlaqələri belə müqayisə etdi

“Biz ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik”.   Sfera.az xəbər ...

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Azərbaycanda Ramazan ayının 15-ci günüdür.   Sfera.az xəbər verir ki, imsak saat 05:26, iftar isə saat 19:02-yə təyin olunub.   İmsa...

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...