Miri Yusif videolarla şantaj edən şəxsə pul ödəyib? - RƏSMİ AÇIQLAMA
Ötən gün saytlarında Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndinin şantajla üzləşdiyi barədə xəbər yayılıb. Məlumata görə, tanınmış prodüser bununla bağlı ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.
Məsələ ilə bağlı Sfera.az Emin Əfəndi ilə əlaqə saxlayıb.
Emin Əfəndi saytımıza açıqlamasında bildirdi ki, şantaj edildiyi doğrudur, lakin şantajçıya heç bir məbləğ ödəməyib:
"Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq".
Prodüser dəqiqləşdirilməmiş məlumatların yazılmamasını xahiş edib və hüquq-mühafizə orqanlarına operativ reaksiyaya görə minnətdarlığını bildirib:
"Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm.Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm".
Altay
Sfera.az