“Taleh elə gətirdi ki, Oqtayı başqa cür xatırlamaq olmur” - Dilarə Əliyeva
“Oqtay sağ olsaydı, stand-up konsertimdə daha ürəkli və güvənli olardım. İlk məşqimi onunla edərdim. O çatışan və çatışmayan məsələləri deyərdi. Daha ağıllı və kreativ fikirlər deyərdi”.
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Oktyabrın 26-da Heydər Əliyev Sarayında “Mintonasiya” adlı stand-up konserti ilə çıxış edəcək sənətçi proqramda mərhum həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi, “SOY production”ın təsisçisi Oqtay Əliyevi xatırlayıb.
“Hər saniyə və hər dəqiqə elə bilirəm ki, Oqtay yanımdadır. Biz bir-birimizi o qədər yaxşı duymuşuq... (ağlayır) Nəsə olanda Oqtayın səsini eşidirəm. Onun münasibətini görürəm. Hesab edirəm ki, Oqtay heç yerə getməyib, yanımdadır”, - deyə Dilarə vurğulayıb.
Proqramın aparıcısı Mətanət Əliverdiyeva efirdə ona zanbaq verib. Bu anda isə D.Əliyeva göz yaşlarına boğulub. Aparıcı isə bildirib ki, həmin gülləri Oqtay ilk tanışlığında Dilarəyə verib.
“Oqtay mənə bu gülləri ilk görüşümüzdə almışdı. Çox duyğulandım... Bu bir insan həyatıdır. Başqa cür alınmır. Bu bizim həyatımızdır. Oqtaysız heç nə mümkün deyil. Oqtay hər an yanımdadır. Bu mənim göz yaşlarıma səbəb olsa da belə mən bununla insanları yükləmək, ağrıtmaq və ağlatmaq istəmirəm. Mən bunu özüm tək olanda yaşayıram. Bunları insanların içinə daşımaq istəmirəm. İnsanlar yəqin anlayarlar ki, tale elə gətirdi ki, Oqtayı başqa cür xatırlamaq mümkün deyil”.