"Twitter"də onları ön plana çıxarır - İlon Maskın gizli VIP siyahısı açıqlandı – Kimlər var?

Milyarder iş adamı İlon Mask “Twitter”in ifadə azadlığı məsələsində "hamıya bərabər davranmaqda" çox qərarlı olduğunu iddia edirdi. Ancaq Maskın platformada müxtəlif alqoritmlərlə yazılarını vurğuladığı təxminən 35 VIP istifadəçidən ibarət siyahısı olduğu üzə çıxıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Maskın elit istifadəçilər siyahısına ABŞ prezidenti Co Bayden, həmçinin bəzi jurnalistlər, Hollivud ulduzları, idmançılar və sosial media fenomenləri daxildir.
“Platformer” saytının əldə etdiyi sənədlərə görə, “Twitter”də bəzi siyasətçilər, idmançılar, Hollivud ulduzları və jurnalistlərin görünmə qabiliyyəti artırılır. Hesabatda VIP istifadəçilərin yazılarının “Twitter” mühəndisləri tərəfindən saytın kodları ilə “həmişə görünən olsun” olaraq dəyişdirildiyi bildirilib.
VIP siyahıda kimlər var?
Məlumata görə, siyasətçi və aktivist Aleksandria Okasio-Kortes, “Daily Wire”ın yaradıcısı Ben Şapiro, ABŞ prezidenti Co Bayden, “Los Angeles Laker”in oyunçusu Lebron Ceyms və “Bloomberg”in köşə yazarı Mett İqlesias bu "eksklüziv" istifadəçilər arasındadır.
“Platformer” yazır ki, “VIP”lərə bu status istifadəçilərin onlarla nə qədər ünsiyyət qurduqlarına, bəyənmələrinə və ya nifrət etmələrinə görə verilib.
Bəzi ekspertlər bu siyahının Maskın gəlirlərini artırmaq planı olduğunu düşünür. Dünyanın ən varlı adamı öz işçilərinə “Twitter”in hazırda cəmi 20 milyard dollar sərvətinin olduğunu bildirib ki, bu da Maskın altı ay əvvəl bu platforma üçün ödədiyindən 24 milyard dollar azdır.
Digər tərəfdən, Mask əvvəlki gün 15 aprel tarixindən etibarən “Twitter Blue” üçün ödəniş etməmiş istifadəçilərin anketlərdə səs verə bilməyəcəklərini açıqlayıb. O, dəyişikliklərin "süni intellekt botlarının saytı ələ keçirməsinin" qarşısını alacağını söyləyib.
Lalə
Sfera.az