Qızıldan daha yaxşı investisiya vasitəsinə çevrilən çanta - Onu almaq üçün 6 il gözləməli olurlar - FOTOLAR

Qızıldan daha yaxşı investisiya vasitəsinə çevrilən çanta - Onu almaq üçün 6 il gözləməli olurlar - FOTOLAR

Yəqin ki, hamımız lüks və zənginlikdən xəbər verən bu 3 simvolik sözü daha öncə eşitmişik: “Hermes Birkin Çanta”.


Bəs Hermes Birkinin ən çox arzulanan çantaya necə çevrildiyini və 40 ilə yaxındır əlçatmaz statusunu hansı yollarla qoruduğunu bilirsinizmi?


Sfera.az qeyri-adi sənətkarlığı və təəccübləndirən qiyməti ilə dünyanın ən ikonik çantasına çevrilmiş Birkin ilə bağlı maraqlı məlumatları təqdim edir:


Hazırda dünyanın ən arzu olunan dəbdəbəli çantalarından biri olan Birkin statusun əsas simvoluna çevrilib. "Hermes" çantanın toxunulmaz reputasiyasını qoruyub saxlayıb. Artıq onun sinonimi halına gəlmiş portağal rəngli qablaşdırmasından tutmuş, çantaya sahib olmaq üçün gözləmə siyahısına yazılanlara qədər hər detal əsrin ən məşhur çantasını daha da cəlbedici hala gətirir.


Hermes Birkinin tarixi

Dövrümüzün ən qiymətli çantası ilk dəfə səmada təsəvvür edilib. Bəli, düz oxudunuz! Bu çantanın qədəmləri 1981-ci ildə Parisdən Londona uçan təyyarədə qoyulub. Dünya şöhrətli aktrisa və müğənni Ceyn Birkinin əşyaları bu uçuş zamanı yerə tökülüb. Hər yerə hörmə səbəti ilə getməsi ilə diqqət çəkən və özü ilə uşaq bezlərindən tutmuş gündəliklərə qədər hər şeyi daşıyan aktrisa onu təyyarənin yuxarıdakı bölməsinə yerləşdirərkən çantanın qapağı çıxıb. Nəticədə aktrisanın əşyaları və sənədləri təyyarəyə səpələnib. Qonşusu əyilib əşyaları toplamaqda ona kömək edərkən özünü təqdim edib. O, Hermes şirkətinin icraçı sədri Jan-Lui Robert Frederik Düma idi. Sanki onları taleyin hökmü qarşılaşdırmışdı.

 
Ceyn Birkin gənc bir ana olaraq gündəlik ehtiyaclarına uyğun çanta tapa bilməməkdən şikayət edir. Düma dərhal eskiz çəkməyə başlayır. İkisi ideal genişlikdə və klassik görünüşlü çantanı müzakirə edirlər. Beləliklə, bu gün gördüyümüz ikonik Birkinin necə olacağına dair ilk cızma-qara ərsəyə gəlir. Onun orijinal eskizlərdə zağlı qapaqlı, yəhər tikişli geniş düzbucaqlı qutudan ibarət olduğu deyilir.


Nəhayət Birkin çantası doğulur. Çanta rəsmi olaraq 1984-cü ildə yüksək funksionallıq və geniş dizaynla yaradılır. 

 

Tarixi moda evi əvvəllər əldə hazırlanmış görkəmli at qoşquları və arabaları ilə tanınırdı, 1837-ci ildə Parisdə ilk mağazasını açana və 1922-ci ildə dəbdəbəli çantalar dünyasına daxil olana qədər…

 

İndi təsəvvür etmək çətin olsa da, Birkin 80-ci illərin əvvəllərində sensasiyadan uzaq idi. Həmin illərdə dəbdəbə bazarının hakimi  “Chanel” idi. Yəni, Birkin 90-cı illərin ortalarından axırlarına qədər indi bildiyimiz statusa sahib ola bilməmişdi. 

 

“O çanta” dövrü başlayır

 

Birkin çantası necə belə bir status qazandı?

 

İkonik çanta 90-cı illərdə ortaya çıxandan bəri yavaşlamadan qiymət, populyarlıq və eksklüzivlik baxımından irəliləməyə davam etdi. Əlbəttə ki, bu da ona dünya miqyasında heyranlıq qazandırdı.Çanta əsas status simvolu kimi yüksək təbəqəyə məxsus insanların sevimlisinə çevrildi. 

Viktoriya Bekhem tez-tez müxtəlif rənglərdə olan Birkin çantaları ilə diqqət çəkən məşhurlardan biridir. Onun kolleksiyasında 100-dən çox Birkin çanta var. Bu kolleksiyanın dəyərinin iki milyon dollardan çox olduğu təxmin olunur.

 

Kris Cenner kimi bir çox məşhur çantaya sadiq qalmağa davam edir. Keyt Moss onları uşaq bezi çantası kimi istifadə edirdi, Kim Kardaşyan ən yaxın dostlarına bu çantalardan hədiyyə edir, Vircil Ablo səyahətlərdə onunla görünüb və Dreyk gələcək həyat yoldaşı üçün onları yığır. Birkinin Hollivud əhli arasında ən çox sevilən çanta olduğunu söyləmək ədalətlidir.


2001-ci ildə Birkin çox bəyənilən “Sex və The City” serialında göründükdən sonra rəsmi olaraq əsas status simvoluna çevrildi. Serialın bir seriyasında Samanta Cons obrazı Birkin çantasını alarkən məşhur bir müştərinin köməyi ilə beş illik gözləmə siyahısını atlayır. Həmin epizod yayımlandıqdan sonra Birkin gözləmə siyahısının uzunluğunun üç dəfə artdığı deyilir.

90-cı illər və 2000-ci illərin əvvəlləri  üçün gözləmə siyahıları dolu idi. Qeydə alınan ən uzun gözləmə müddəti isə 6 ildir. İndi sadəcə olaraq Hermes mağazasına girib onu ala bilməzdiniz. Edə biləcəyiniz tək şey kifayət qədər vacib insana çevrilmək və ya çantanın sizə təklif oluna biləcəyi qədər çox xərcləməkdir.
Farfetch 14 000 avrodan başlayan qiymətlərlə əvvəllər sevilən modelləri satır, ancaq bu halda çox vaxt rəng və ölçünü seçmək mümkün olmur.

 

Birkin niyə bu qədər eksklüziv oldu?


"Hermes" çantanı dünyanın ən əlçatmaz dəbdəbəli əşyasına çevirməyin onun xüsusi olmasında rol oynadığını yaxşı bilir. Amma bu qədər uzun müddət çantanın reputasiyasını qoruyub saxlamaq asan deyil. Brendin Birkinin eksklüzivliyini qorumağa sadiqliyi heç bir dəbdəbəli moda evi ilə müqayisə oluna bilməz. 
"Hermes" ən elit istehlakçılar qrupuna xitab etməyə davam edə bilmək üçün tədarükü məhdudlaşdırır. Şirkət hər il istehsal olunacaq Birkin çantalarının sayını açıqlamaqdan imtina edir. Çantanın mürəkkəb sənətkarlığı ilə yanaşı brendin çantaların paylanmasına ciddi nəzarət etməsi də insanların arzusunu canlı saxlayır.
Brend daha da irəli gedərək hətta hər bir müştərinin ildə neçə Birkin çantası ala biləcəyini belə müəyyən edir. Bu məhdudiyyətlər çantaya xüsusi heyranlıq yaratmağa davam edir.

 

Yarım milyonluq çanta

Əl işi çanta məhz bunlar sayəsində ildən-ilə dəyərini artırmağa davam edir. Onun qiyməti on iki min dollardan başlayır. Yarım milyona satılan Birkin modeli də var. 

 

Birkin hətta qızıldan daha yaxşı investisiya vasitəsi hesab edilir. 2017-ci ildə aparılan bir araşdırmaya görə, Hermes Birkin çantalarının dəyəri hər il 14% artaraq son 35 ildə ümumilikdə 500% yüksəlib. 


Brendin bu günə qədər satılan ən bahalı çantası çox bəyənilən Hermes Birkin Himalaya olub. Çanta hərracda 500 000 dollardan bir qədər yüksək qiymətə alıcı tapıb. 


İlk Birkin çantasının qiymətinin təxminən 2000 dollar olduğu deyilir, halbuki onların indi ikinci əlləri 14 000 dollardan aşağı satılmır. 

 

Xüsusi detallar 

Sürətli moda fanatiklərinin və mövsümi dəbdəbəli tendensiyaların dünyasında bu qədər uzunömürlü olan çanta dərhal tanınır və yorulmadan arzulanır. Demək olar ki, 200 illik ənənə və sənətkarlıqla Hermes əl işinə məxsus dəbdəbənin ən yüksək keyfiyyətdəki təcəssümüdür.

 

Bir ədəd Birkin çantası yaratmaq üçün sənətkarlardan 48 saatlıq diqqətli işçilik tələb olunur. Çanta tikilərkən ikiqat böyüdücü şüşələrdən istifadə olunur, həmçinin dərinin ən yaxşı keyfiyyətdə olması üçün xüsusi testlər edilir.

 

Çantaların hamısı Fransada hazırlanır, 180-250 sənətkardan ibarət qrup “Hermes” imzası olan bütün çantaları kəsir, tikir və mükəmməlləşdirir.

 

Fabrik ayda cəmi 15 çanta istehsal edə bilir, bütün proses ən xırda detallara böyük diqqət yetirməklə tamamilə əl ilə aparılır. Ona görə də Birkin əbədi olaraq dövrümüzün ən eksklüziv və arzuolunan çantası olaraq qala bilər.

 

Lüks moda evinin narıncı qablaşdırması haqqında maraqlı fakt


İkinci Dünya Müharibəsindən sonra orijinal qutu artıq mövcud deyildi, resurs az olduğu üçün yeganə variant heç kimin istəmədiyi narıncı rəng olmuşdu. Yəni əslində bu məcburi bir seçim idi. 


Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR