\"Mən güllələnəndə oğlum şirkətin seyfini boşaltmışdı” - İbrahim Tatlısəsdən inanılmaz ittihamlar
Türkiyəli müğənni İbrahim Tatlısəsin atalar günündə etdiyi paylaşım səs-küy yaradıb.
Sfera.az bildirir ki, “atasının qədrini bilməyən axmaqdır” yazan ifaçının bu sözləri 5 il əvvəl boşandığı həyat yoldaşı Adalet Saranı və oğlu Ahmet Tatlısəsi özündən çıxarıb. Sara müğənninin paylaşımına, "hansı ataların günü qeyd edilir” sözləri ilə cavab verib, oğlu isə ağır mesajların olduğu şərhləri sosial media hesabında yayımlayıb. Keçmiş həyat yoldaşı və oğlunun bu addımına əsəbiləşən İbrahim Tatlısəs canlı yayımda şok açıqlamalar verib. O, oğlunu “Mən güllələnəndə şirkətin seyfini boşaldıb” sözləri ilə xəyanətdə ittiham edib.
Atasının sözləri qarşısında susqunluğunu pozan Ahmet Tatlısəsin cavabı bu cür olub:
“Əvvəla, güllələnəndə məni seyfi boşaltmaqda ittiham edib, amma faciəvi hadisə zamanı əməliyyat və müalicəyə görə İstanbulda və hətta Almaniyada xəstəxanada idim. Bir dəfə mühasibinin müşayiəti ilə evinin yerləşdiyi şirkətə getdim, açarı belə olmayan evi və seyfi açıldı, hesablama aparıldı, var-dövlət haqqında məlumat verildi, onların iştirakı ilə imzalar atıldı. O vaxt hamı bunun şahidi olub. Sözügedən digər məsələ atamın, “7 dükan verdim, hamısını batırdı” deməsi ilə bağlıdır. Bu, belə deyil. 2000-ci illərin əvvəllərində Mecidiyeköydə bir mağaza açdım, İbrahim Tatlısəs bütün Türkiyə daxilində “franchise” sistemini ləğv etdi, işimiz pisləşdiyi üçün onu bağladıq. Yenə bu hadisədən illər sonra bir ticarət mərkəzində ərzaq mağazası açdım, illər sonra isə ticarət mərkəzinin yüksək kirayə xərclərini öz üzərimə götürdüm. İş həyatının normaları daxilində baş verən bu hadisələri “mən elədim, o da batırdı” kimi əks etdirməsi məni narahat edir, əslində mənə görə ona heç bir zərər dəyməyib. İllərdir öz imkanlarımla davam etdirdiyim iş həyatım var”.
Ahmet, həmçinin bu günə qədər müğənninin ona heç bir ev vermədiyini əlavə edib:
“Anam keçmiş dövlət qulluqçusu və hamının hörmət etdiyi şərəfli qadındır. “Donuz yağı sürüb sevgilimə tilsim etdilər, bizi ayırdılar” kimi biabırçı böhtanları heç vaxt qəbul etməyəcəyəm. Artıq atamın ruh sağlamlığı ilə bağlı şübhələrim artıb”.
Türkan
Sfera.az