“Lotu”larla oturub-duran müğənnilərə sərt tənqid: "Belə insanların..."
Bəs "incəsənət adamları"nın cinayətkarlarla adının hallanması və cəmiyyətdə belə mövzularla müzakirə olunması düzgündürmü?
Sfera.az xəbər verir ki, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov "şərq"ə mövzu ilə əlaqədar bunları söyləyib:
"Son vaxtlar cinayət işlərində adları hallanan, həm də cinayətkar aləmin üzvləri ilə oturub-duran, foto çəkdirib sosial şəbəkədə yayan müğənnilərin sayı çoxalıb. Bu, xoş olmayan haldır. Məsələn, cinayətkarlardan soruşsaq ki, övladınızın "lotu", "oğru" olmasını, həbsxanaya düşməsini istərdinizmi? Onlar müsbət cavab verməzlər.
Çünki həmin həyatın çətinliklərini bilirlər. Nə qədər dəyərli, hörmətə layiq insanlar olsa da, tutulmaq istəməzlər. Türmədəkiləri, cinayət törətmişləri ideallaşdırmaq olmaz.
Keçmiş MDB ölkələrində, Azərbaycanda və Türkiyədə bu daha çox yayılıb. Mafiya ABŞ-da, İtaliyada, İspaniyada və Cənubi Amerikada ötən əsrdə ideallaşdırılırdı. Lakin ictimai qınaqdan sonra mafiya şəbəkələri dağıdıldı. Ardınca onların deyil, bəşəriyyətə elmi-texniki kəşflərlə faydası olan insanlara rəğbət artırıldı.
Təəssüf ki, bizdə onların arxivdə qoyduğu tendensiya yeni inkişaf edir. Bu prosesdə müğənnilərin, sənətçilərin iştirakı qəti qınanmalıdır. Belə insanların fəxri adları varsa, geri alınmalıdır ki, başqalarına ibrət olsun.
Həbsxanadakıların bir çoxu subyektiv səbəblərə görə, tutulub. Amma ədalət carçıları kimi reklam olunurlar. Bu da yaxşı hal deyil və yeni nəslin tərbiyəsinin pozulmasında təsiri böyükdür"./milli.az/






