Lavrovun səfərindən dərhal sonra sərhəddə qarşıdurma – Nə baş verir?
10:18 / 14.05.2021
3135
"Azərbaycan
Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa
etməsi rəsmi İrəvan tərəfindən gərginlik ocağına çevrilir”.
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi
Asif Nərimanlı deyib. O qeyd edib ki, gərginliyin yaradılmasının Ermənistan
hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbi var:
"Müharibədən sonra dövlət sərhədinin bərpası
ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj
yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail
ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək. Həmçinin sərhədin bərpası
qaçılmaz olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət
nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçki öncəsi Rusiyaya sığınan əsas rəqiblərinə
qarşı istifadə edə bilər.
Politoloqun sözlərinə görə, Rusiya bölgədə zəifləyən
təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət
sərhədində olmasının uzaqmənzilli hədəfləri var:
"30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan
və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə
ocağı, ən azı mübahisəli məsələ lazımdır. Üçtərəfli razılaşmalar və Azərbaycanın
israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələrin uzunmüddətli
perspektivdə rıçaq olaraq istifadə etməyi çətinləşdirir.
A.Nərimanlı bildirib ki, yeni mübahisənin dövlət
sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin
hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın "hakim” roluna şərait
yaradan amildir: "Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan
türkdilli ölkələrini Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala,
Rusiyanın "zəif qarnı” olan Mərkəzi Asiyada güclənən türk birliyinin önündə
maneələr yarada bilər.
Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik
və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə
ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi
görünür”.
Günay