Lavrovun müəmmalı Yerevan və Bakı səfəri – “Sürpriz təkliflərlə gəlir, əleyhimizədir...”
11:43 / 30.04.2021
2109
"Lavrov hər iki tərəf üçün "sürpriz” təkliflərlə gəlir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mayın 5-6-da İrəvana, mayın 10-11-də isə Bakıya olacaq səfərinin məqsədlərini dəyərləndirərkən, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Lavrovun Azərbaycana səfərləri
heç zaman xeyrimizə olmayıb: "Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza
olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin nizamlanması
ilə bağlı "həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu
dayandırdıq. Ancaq Lavrov Bakını tərk
etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini
arxa plana keçirdi”.
E. Şahinoğlu düşünür ki, bu səfərdə Lavrov hər
iki tərəf qarşısında müəyyən "sürpiz” təkliflərlə çıxış edəcək: "Bilirsiniz ki,
bu günlərdə Rusiya Prezidentilə Fransa Prezidenti arasında telefon danışığı
olub. Bu danışıqdan sonra yayılan açıqlamada bildirilirdi ki, Makron və Putin
yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu
çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar. Görünür, Lavrovun bölgəyə səfərində məqsədi həmin
"sürpriz” təşəbbüsləri tərəflərin diqqətinə çatdırmaqdan ibarət olacaq”.
Həmsöhbətimizin fikrincə, Lavrov bu səfərilə həm də Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir: "Ərdoğan daha əvvəl bəyan etmişdi ki,
Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və
Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır.
Mərkəz rəhbəri onu da vurğulayıb ki, Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmamalıyıq: "Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə parad keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib, bizi sakitləşdirməyə və "balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.
Elçin