No Image
No Image

Laçın azad edildi: bugündən yeni dönəm başladı

Laçın azad edildi: bugündən yeni dönəm başladı
"Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.”

Bu unudulmaz sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa bugünkü müraciətindəndir. Laçından məcburi köçkün düşmüş həmvətənlərimizin, bütün dünya azərbaycanlılarının gözü aydın olsun! Düşmənin Laçından çıxmasını təmin edən hərbi gerçəkliyi, əsasları yaratmış Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanına çox minnətdarıq!

Əlbəttə, hər hansı yaşayış məntəqəmizin, hətta bir boz dağımızın, susuz dərəmizin, şoran torpağımızın da düşmən tapdağından azad olunması bizimçün qiymətlidir – Vətənin torpağının hər qarışı bizimdir və onun uğrunda ölümü gözümüzə almışıq. Bu sözün sadəcə bir quru şüar, yaxud bəlağət olmadığını dəfələrlə göstərmişik, 44 günlük müharibədə isə fövqəladə şəkildə bir daha sübut etmişik. Bununla belə, heç kəsə sirr deyil ki, Laçınımız Qarabağ müharibəsində kilid bölgəmiz idi. Laçın olmazsa olmazlığını, önəmini – həqiqi kilid bölgə rolunu cənab Prezidentin xalqa müraciətindəki bu sözlər çox dəqiq ifadə etməkdədir:

"Bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

...Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”.

Bəli, Laçında Azərbaycan bayrağının qaldırılması, Azərbaycan Himninin oxunması, Silahlı Qüvvələrimizin Laçına daxil olması maksimalist erməni cəmiyyətinə çox böyük zərbədir! Öz haqsız iddialarından məst olan, öz işğalçılıq siyasətinin əbədi sürəcəyinə arxayın düşən Ermənistan hərbi-siyasi rəhbərliyi və belə aldanışlara uyan erməni ictimai fikri də ağır yenilginin nəticələrini öz üzərində getdikcə daha gerçək şəkildə hiss edəcək. Son günə, son saatadək "bəlkə də qaytardılar” xülyasına qapılmış işğalçılar illah da kiminləsə dava vəziyyətinə vərdişkar olduğu üçün böyük ehtimal, bugündən Ermənistanda daxili çəkişmələr daha da güclənəcək. Qarabağ ermənisi, yerli erməni və s. kimi ayrımçılıqlar sövq-təbii dərinləşəcək. Uğursuz dövlət, əsilsiz iddialar, aldadılmış cəmiyyət və acı sonluq: MƏĞLUBİYYƏT! Budur, Ermənistanın aqibətinin "Yol xəritəsi”. Budur, uzun illər bizə məğlubiyyətlə barışmağı "diqtə edən” Ermənistanın reallığı. 30 ilə yaxın "qalib” ədası ilə lovğalanan, özünü üstün tərəf kimi təqdim etməyə cəhd edən Ermənistanın qarşısıalınmaz çöküşü artıq an məsələsidir. Laçında bugün oxunan Azərbaycan Dövlət Himni Ermənistanın tarixi çöküşünü rəmzləşdirən musiqi kimi də qəbul edilə bilər.

Laçının azad edilməsi Ermənistanın saxta təbliğat maşınının olan-qalan hissəslərini də sıradan çıxardı. İşğalçılıq presedenti sıfırlandı.

44 günlük müharibədə iştirak etmiş, hazırda tərxis olunmuş erməni əsgərlərinin sosial şəbəkələrdə yayılmış video-etiraflarından da görürük ki, Azərbaycan Respublikasına qarşı yenidən hücum etməyə əsgər tapmaq uğursuz dövlət üçün mümkünsüz dərəcəli bir işdir. Ermənistan generallarının özlərinin etiraflarından da görünür ki, işğalçı silahlı qüvvələrin 80 fazi sıradan çıxarılıb. Bu şəxsi heyət baxımından da, texnika baxımından da, psixoloji durum baxımından da təkzibolunmaz bir gerçəklikdir. Müzəffər Ali Baş Komandanımızın bugün xalqa müraciətində gətirilmiş faktlar, səslənən rəqəmlər işğalçılığın Ermənistana neçəyə başa gəldiyini çox açıq şəkildə göstərir.

Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın. Bayaq da vurğuladığımız kimi, bu uğursuz dövlət, saxta maksimalizmin girovu olan xəstə cəmiyyət öz "mən”ini illah da bir düşmən bulub, ona qarşı alçaqlıqlar etməklə "təsdiq edir”.

Dövlət başçısının xalqa müraciətində ən önəmli məqamlardan biri Azərbaycan xalqının qürurlu, xeyirxah, dövlətcanlı, vətəncanlı xalq olması ilə bağlı ürəkdən gələn sözlərlə bağlıdır. Bu sözlər azərbaycançılığın fəlsəfəsini, ideoloji-siyasi zənginliyini çox dəqiq ifadə edir. Xalqımızın haqqında dövlət başçısının bugünkü sözləri bizi həm duyğulandırır, həm də qürurlandırır! Ümummili liderin kəlama çevrilmiş sözləri ilə desək, "Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM”!

"Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mülki vətəndaşlar - 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq”.

Silahlı Qüvvələrimizin Laçına daxil olması, Laçında Azərbaycan bayrağının qaldırılması, Laçında Himnimizin oxunması bir dönəmin başa çatması, yeni bir dönəmin başlanmasının parlaq işarətidir. Artıq Ermənistanla dövlət sərhədlərimiz boyu dağımız-dərəmiz, düzümüz-düzəngahımız ordumuzun nəzarəti altındadır. Bundan sonrakı dönəmdə güclü və qalib tərəf olaraq Ermənistana qarşı sözün bütün mənalarında yüksəkdən danışacağıq. Qondarma rejimə dövlət statusu qazandırmaq istəyən Ermənistan artıq öz başının çarəsinə baxmalıdır; hərçənd özünü dolandırmaqçün resurslardan kasaddır. İşğal altındakı torpaqlardan illər uzunu daşıdığı, götürdüyü taxıl, üzüm, digər məhsullar, qiymətli sərvətlər – mineral sular, qızıl və s. Ermənistan iqtisadiyyatında iştirak etmir artıq; nəinki iştirak etmir, üstəlik, Ermənistanı ağır təzminatlar gözləyir. Xarici borcu dövlət büdcəsindən çox olan kasıb və məğlub bir ölkə özü özünü tarixin zibilliyinə yuvarlanmağın eşiyinə gətirib çıxarıb. Prezidentimizin məşhur sözləri ilə ifadə etsək, endirməlidir o bayrağı dirəkdən. O bayraq bəlkə hansısa muzeydə tarixin bir dönəmində mövcud kimi görükmüş "dövlət”in bayrağı olaraq öz eksponat taleyini yaşayacaq…

Qarabağ bizimdir! Qarabağ – Azərbaycandır!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakının qapalı görüşdə istəyi və Nikolun qara çantası...

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş ...

Şuşa mübaliğəsiz Azərbaycan mədəniyyətinin beşiyidir - Adil Əliyev

Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi böyük iradə nəticəsində rəşadətli Ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərd...

2020 - Pandemiya, özünütəcrid, Brexit, Qarabağ, qələbə - Elnur Aslanov

Siz misal üçün, 2015-ci ilin nə ilə əlamətdar olduğunu, yadda qaldığını xatırlayırsınız? Bəs, 2017-ci ilin? Şəxsi həyatınızda deyil, bütün dünyada? Heç nə xat...

Ermənistan növbəti dəfə Qarabağ ermənilərinə badalaq vurur – Fərhad Məmmədov yazır

Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin nəticələri göz önündədir. Azərbaycanın müharibədəki qələbəsi həm Ermənistan rəhbərliyi, həm də be...

EU Today: Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

Politoloq Ceyhun Osmanlı Avropanın tanınmış EU Today xəbər portalında analitik təhlil ilə çıxış etmişdir. Məqalədə 59 yaşı tamam olan Prezident İlham Əl...

Şəhid atasının bu sözü qürur verdi

19 yaşında Vətənin azadlığı uğrunda canından keçmiş oğullarımızdan biri də adı kimi, soyadı kimi elcanlı, vətənmuradlı Elxan Murad oğlu Muradovdur. Elxan ...