Məhərrəm Əliyevin idmançı qohumu həbs edildi
Bir neçə saat bundan əvvəl Nəsimi Rayon Polis İdarəsindən haqqın.az saytının kriminal
araşdırmalar şöbəsinə Bakıda növbəti hadisə barədə məlumat verilib və bu olayda, göründüyü
kimi, yenə də yüksək vəzifəli məmurların qohumları və dostlarının adları hallanır.
Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma
stansiyasının əməkdaşını döyüb.
Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.
Hələlik polis hadisənin təfərrüatlarını açıqlamayıb və yalnız Sadiq Bağırovu qəddarcasına döymüş
qoluzorlular qrupunun yanacaqdoldurma stansiyasına gəldiyi avtomobilin markasını bildirib. Polis
idarəsinin məlumatına görə, söhbət Bentley avtomobilindən gedir.
Biz avtomobilin sahibinin şəxsiyyətini və paytaxtın tən ortasında növbəti şok effekti yaradan
qanunsuzluğun detallarını müəyyənləşdirmək üçün araşdırmaya başladıq və bəzi şeyləri
öyrənə bildik. Ötən gecə saat 4:00-da tanınmış Azərbaycan generalının oğlu, qohumu və
onların dostları 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində
yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəliblər. YDM əməkdaşından avtomobilə
yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100
manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və
onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc
oğlanla sözləşməyə başlayıblar. Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin keşikçisi Sadiq Bağırov
maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş
edib ki, əməkdaş pulu xırdalaya bilsin.
Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq keşikçini müşahidə
kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə
sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı
bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar. Həmin
vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də azğınlaşmış
qoluzorlulardan nəsiblərini alıblar. Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü
maşının yanına qayıdaraq, oradan
silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən
almağa müvəffəq olub.
Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla keşikçi
Sadiq Bağirovun başına zərbələr endirib. Çox ehtimal ki, avtomobilin sahibi və dostları güclü sərxoşluq
vəziyyətində olublar. Bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gələrək,
təhqiqata başlamış və yaralıları xəstəxanalara aparmışlar. Haqqın.az məlumatlı mənbələrdən
öyrənə bilib ki, hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub.
Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında
Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı
Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də
Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov
onu döyüb və güclə maşına oturtmaq istəyirmiş.
Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq)
cinayət işi qaldırılmışdı. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin müstəntiqi Müşfiq Cəbrayılov
qeyd etmişdi ki, polisin İsa Əzizovun harada olması ilə bağlı məlumatı yoxdur və o, axtarışa verilib.
Təəssüf ki, İ.Əzizovun axtarışı ilə başlı bütün tədbirlər nəticəsiz qalıb – o, azadlıqda olub və cəzasını almayıb.
Hamının gözü qarşısında bu cür cəzasızlıq İ.Əzizovun əl-qolunu açıb və o, Bakının mərkəzində
kütləvi davalar törətməkdə davam edir. Haqqın.az Bakı Yol Polisi İdarəsinə müraciət edərək öyrənib ki,
90-HN-999 dövlət nömrə nişanlı Bentley markalı avtomobil qeydiyyatda yoxdur. Lakin bu nömrə ilə
başqa bir maşın qeydiyyata alınıb. Onun markası isə Toyota Land Cruiser-dir və Nurlan Bənnayevin
adına qeydiyyatdan keçib, etibarnamə ilə Qamət Məmmədova verilib. Yeri gəlmişkən, ötən ilin may
ayında baş vermiş hadisədən sonra Diana Babayeva polisə yazdığı ərizədə Toyota Land Cruiser
avtomobilinin sahibi tərəfindən döyüldüyünü qeyd etmişdi. Cinayət törədilən vaxt elə həmin İsa
Əzizov avtomobilin sükanı arxasında olub.
Bu material dərc edilməyə hazırlanarkən DİN əməkdaşları məlumat verdilər ki, xüsusi əməliyyat keçirilib və onun nəticəsində İsa Əzizov və dostları – davada iştirak etmiş digər idmançılar saxlanılıblar. İ.Əzizovu Nəsimi RPİ-nin 20-ci bölməsinin əməkdaşları yaxalayıblar. Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində həbsdədir. Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr həmçinin idmançıların hansısa tanınmış generalla qohumluq əlaqələrinin olmadığını, onların sadəcə olaraq, özlərini bu cür qələmə verdiklərini söylədilər... Criminal.az xəbər verir ki, İ.Əzizov Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin yaxın qohumudur.