Cinsi azlıq Hətəmpaşanı qətlə yetirən yenidən məhkəmə qarşısında
10:45 / 12.04.2018
5653
Cinsi azlıq Ayla ləqəbli Hətəmpaşa Dəmirovanı qətlə yetirən Şahlar Əliyev verilən hökmdən narazı qaldığına görə Ali Məhkəməyə şikayət edib.
Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilən Ş.Əliyevin məhkəmə prosesinə Fərhad Kərimov sədrlik edəcək.
Hadisənin necə baş verməsinə gəlincə, 2016-cı il may ayının 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində cinsi azlıq, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Şahlar Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmədə sərbəst ifadə verib. Ş.Əliyev zərərçəkən Ayla Dəmirovanın kişi olduğunu bilmədiyini deyib:
"Ayla ilə görüşə getdim. Bu vaxt mənə dedi ki, kişiyəm. İnanmadım. Oranı tərk edirdim. Mübahisə elədik. Stolu və stulları mənim üzərimə atdı. Mən də vurdum onu”.
Qeyd edək ki, hadisə 2015-ci ildə Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov 26 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Cinayəti törədən şəxslə qətlə yetirilən A.Dəmirovanın sevgili oluduğu məlum olub. Ş.Əliyev ifadəsi zamanı A.Dəmirovanı ona dostu ilə birlikdə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
Ş.Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, qətlə yetirilən A.Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.