43 tələbəni öldürən narkobaron ələ keçdi - "Onlar külə döndü, daha heç kim tapa bilməz"

43 tələbəni öldürən narkobaron ələ keçdi -
Nəhayət ki, Mekskada 43 tələbəni oğurlayan şəxsin kimliyi bilindi. Meksika polisi "Qurbağa” (La Rana) ləqəbli narkobaron Erik Urilyanı həbs edib.
Onun tələbələri oğurlayıb öldürən əsas isimlərdən biri olduğu açıqlanıb. Onun və diğər narkobaronların hər birinin başı üçün hökumət 1,5 milyon peso ayırmışdı.
 
Sfera.az 3 ildir bütün Meksikanı və dünyanı silkələyən bu cinayət haqda danışacaq:

Yeni qanun layihəsi

2006-cı ildə Meksikanın o vaxtkı prezidenti Felip Kalderon narkomafiyaya müharibə elan etdi. Statistika komitəsinin verdiyi məlumata görə, həmin andan ölkədə 105 min vətəndaş itkin düşdü. Lakin cəmiyyət məhz 43 tələbənin öldürülməsindən sonra əməlli-başlı silkələndi.

2015-ci il, sentyabrın 26-da İquala şəhəri yaxınlığında yerli pedoqoji məktəbin tələbələrinin oğurlanmasından və daha sonra vəhşicəsinə öldürülməsindən gedir.

Məsələ ondadır ki, tələbələr Heroro ştatına, prezident Neronun təhsil islahatlarına etiraz olaraq düzənlənmiş mitinqə gedərkən yolda oğurlanıblar.
Təhsil islahatları müəllimlərin yenidən attestasiyadan keçməsini, həmçinin təhsil ocaqlarına daha çox müstəqilliyin verilməsini nəzərdə tuturdu.

Yeni qanun layihəsi həm müəllim, həm də tələbə heyəti tərəfindən etirazla qarşılandı. Müəllimlər hesab edir ki, attestasiya zamanı onların hüquqları pozulacaq. Əldə etdikləri nailiyyətlər qeydə alınmayacaq. Tələbələr isə ehtiyatlanır ki, təhsil ocaqlarına verilən müstəqillik sonda təhsil haqlarının artması ilə nəticələnəcək.

Mafiya bossu ilə qohum olan mer

Məlumatlara görə, pedoqoji məktəbin tələbələri mitinqə getmək üçün 3 marşrut reysini ələ keçirərək qaçırıblar. Polis onları təqib edərək atəş açıb. Gülləbaran zamanı təsadüfi adamlar da zərər çəkib. Nəticədə 6 nəfər həlak olub - 3 tələbə, həmin vaxt yaxınlıqdan keçən taksi avtomobilinin sürücüsü, sərnişin qadın və bir futbolçu.

Tələbələrdən 4 nəfəri hadisə yerindən qaçaraq evlərinə gedib çıxa biliblər. Qalan 43 nəfəri polis həbs edib və onları şöbəyə aparıblar.
Lakin tələbələr polis şöbəsinə gedib çatmayıblar. Onları yerli hakimiyyətlə yaxın əlaqələri olan "Guerreros Unidos" narkosindikatının təmsilçiləri ələ keçirib. Mafiozilər sonradan etiraf ediblər ki, tələbələri rəqib narkomafiyanın üzvləri ilə səhv salıblarmış.

Polis isə iddia edib ki, tələbələrə hücumu İquala şəhərinin meri Xose Luis Abarka sifariş edib. Həmin gün mer və onun həyat yoldaşı Mariya De Los Pinede konfransda iştirak etməliymişlər. Tələbələr isə etiraz aksiyası təşkil edərək konfransın işini pozmağa çalışıblar. Bununla da onlar diqqəti təhsil probleminə yönəltmək istəyiblər.

Aşkara çıxan maraqlı fakt odur ki, şəhər merinin arvadı Mariya De Los Pinedenin doğma qardaşı Salomon Pinede "Guerreros Unidos" narkokartelinin bossu imiş.

Salomon noyabrın 4-də həbs olunur. Şəhər meri Xose Luis Abarka əvvəlcə bu işlərə qətiyyən aid olmadığını bildirirdi. Lakin halqa daralırdı. Mer 30 günlük məzuniyyət götürür. Sonra isə ailəsi ilə birgə şəhərdən yoxa çıxır.

"Onlar külə döndü"

İstintaq müəyyən edir ki, banditlər tələbələri İquala şəhəri ətrafındakı zibilliklərdən birinə aparıblar. Orada onları güllələyiblər. Cəsədlərin üstünə köhnə təkərlər, taxta parçaları yığaraq yandırıblar. Sonra qanqsterlərdən biri telefonla mafiya bossu Salamon Pinedeyə belə bir SMS yazıb:
 
"Onlar külə döndü. Daha heç kim tapa bilməz".

İlqar Atabəyli
 
 




OXŞAR XƏBƏRLƏR