Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı
Ağdamın Mahrızlı kəndində həyat yoldaşı Gülzəndə Salahovaya balta ilə xəsarətlər yetirən 1977-ci il təvəllüdlü Ceyhun Salahovun məhkəmə prosesi başa çatıb.
Sfera.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən C.Salahov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, tərəflərin mübahisəsi paltar yumaq üstündə yaranıb. Ceyhun Gülzəndəyə onun paltarını yumasını, qadın ərinə işə gecikdiyini deyib. Bu zaman ər arvadını öldürmək qərarına gəlib.
Balta ilə qadına çoxsaylı xəsarətlər yetirən Ceyhun, arvadının öldüyünü düşünərək evdən qaçıb. Az sonra evə daxil olan Ceyhunun oğlu anasını xəstəxanaya çatdırıb, qadının həyatını xilas etmək mümkün olub.
Maraqlıdır ki, Ceyhun arvadının öldüyünü düşünərək polisə gedib və arvadının balta ilə öldürüldüyünü deyib.
Məhkəmədə Gülzəndə Salahova əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Qeyd edək ki, Ceyhun Salahov daha öncə də məhkumluq həyatı yaşayıb./Xitab24.az






