Azərbaycanda orqan satmaq olarmı? - Vəkildən vacib AÇIQLAMA

Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6 min manat cərimələnib. Bu hadisə ölkədə donorluğun və orqan alqı-satqısının hüquqi tərəflərini yenidən gündəmə gətirib.
Maraqlıdır, Azərbaycanda orqan bağışlanması qanunvericiliklə necə tənzimlənir? Vətəndaş sağlığında hansı hallarda orqanını başqa şəxsə bağışlaya bilər? Ölümündən sonra orqanlarının transplantasiya məqsədilə istifadə olunmasına razılıq verən şəxslə bağlı hansı prosedurlar tətbiq edilir?
Bu haqda Sfera.az-a açıqlama verən vəkil Babək Umudov Azərbaycanda orqan donorluğunun və orqan alqı-satqısının hansı qanunlar çərçivəsində tənzimləndiyini izah edib:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, orqanların alqı-satqısı, kommersiya məqsədilə donorluq və ya orqan satışı elanı vermək tamamilə qadağandır. Bu əməl Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə ciddi məsuliyyət yaradır. Ölkədə bu sahə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericilik orqan donorluğunu həm canlı şəxslərdən, həm də ölümündən sonra (meyit donorluğu) həyata keçirməyə imkan verir. Canlı şəxsdən orqan götürülməsi yalnız müstəsna hal kimi və alqı-satqı elementləri olmadan, yalnız qarşılıqsız (pulsuz) əsasda mümkündür. Bunun üçün qanunvericilik sərt tələblər müəyyən edir. Məsələn, canlı donor yalnız resipiyentin (orqan köçürülən şəxsin) genetik (qan) qohumları, həyat yoldaşı və ya həyat yoldaşının yaxın qohumları ola bilər. Qohumluq əlaqəsi olmayan şəxslər arasında canlı donorluğa yalnız Səhiyyə Nazirliyinin xüsusi Etika Komissiyasının rəyi və icazəsi olduqda yol verilir. Donor 18 yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxs olmalıdır. Hamilə qadınlardan, azyaşlılardan və fəaliyyət qabiliyyəti olmayanlardan canlı donor kimi orqan götürülməsi qadağandır. Şəxs heç bir təzyiq, məcburiyyət və ya maddi maraq olmadan, tam informasiya verilmiş halda notaril qaydada və ya xüsusi tibbi formada yazılı razılıq verməlidir. Donor istənilən mərhələdə (əməliyyat başlayanadək) razılığını geri götürə bilər. Cüt orqanlardan biri (məsələn, bir böyrək) və ya orqanın bir hissəsi (məsələn, qaraciyərin bir hissəsi) götürülə bilər. Əməliyyat donorun həyatı üçün birbaşa təhlükə yaratmamalı və tibbi komissiyanın rəyi ilə təsdiqlənməlidir”.
B.Umudov ölümündən sonra orqanlarının başqa insanlara həyat verməsi (Meyit donorluğu) üçün istifadə olunmasını istəyən vətəndaşlara müvafiq hüquqi mexanizm və Dövlət Reyestrinin nəzərdə tutulduğunu bildirib:
“Vətəndaşın sağlığında razılıq və ya imtina iradəsi var. Belə ki, vətəndaş sağlığında ölümündən sonra orqan və
toxumalarının götürülməsinə razı olduğunu və ya bundan imtina etdiyini rəsmi şəkildə bəyan edə bilər. Bu müraciət Səhiyyə Nazirliyinin "Donorların, orqanların və transplantasiyaların vahid dövlət reyestri"nə daxil edilir. Vətəndaş istənilən vaxt bu iradəsini dəyişmək və ya ləğv etmək hüququna malikdir. Şəxsin sağlığında verdiyi bu qərar məxfi saxlanılır və yalnız beyin ölümü faktı qeydə alındıqda həkimlər tərəfindən reyestr üzrə yoxlanılır. İnsan sağlığında nə razılıq, nə də imtina ərizəsi verməyibsə, beyin ölümü təsdiqləndikdən sonra orqanların götürülməsi üçün onun yaxın qohumlarının (həyat yoldaşı, həddi-büluğa çatmış övladları, valideynləri, bacı-qardaşları) yazılı razılığı tələb olunur. Qohumlar etiraz edərsə, meyitdən orqan götürülə bilməz. Meyit donorluğu yalnız həkim komissiyası tərəfindən "beyin ölümü" (orqanizmin biologiya baxımından geri dönməz ölümü) faktı rəsmi olaraq protokolla təsdiqləndikdən sonra mümkün olur. Meyitdən götürülən orqanlar heç bir halda satıla bilməz, onlar reyestrdə gözləmə siyahısında olan xəstələrə tibbi göstərişlər və uyğunluq əsasında təmənnasız paylanılır”.
Bəsti Rəfizadə
Sfera.az






