Kriminal tarixinin ən məşhur cinayət işi: Elizabet Şort necə öldürülüb?

ABŞ kriminal tarixinin ən məşhur və hələ də açılmamış cinayət işlərindən biri Elizabet Şortun qətli hesab olunur.
Sfera.az xəbər verir ki, o, dünya ictimaiyyətində “Black Dahlia” (Qara Georgina) adı ilə tanınıb. 1947-ci ildə baş verən hadisə qəddarlığı və sirli detalları ilə bu gün də müzakirə olunur. Elizabet Şort 29 iyul 1924-cü ildə anadan olub. Gənc yaşlarında Hollivudda aktrisa olmaq arzusu ilə Los-Ancelesə köçüb. Lakin onun həyatı faciəvi şəkildə yarımçıq qalıb. 1947-ci il yanvarın 15-də səhər saatlarında Los-Ancelesdə yaşayan bir qadın uşağı ilə gəzərkən boş sahədə uzanan cəsəd görüb. İlk anda bunun maneken olduğunu düşünüb.
Lakin yaxınlaşdıqda bunun gənc qadına məxsus meyit olduğu məlum olub. Polisin araşdırması nəticəsində cəsədin Elizabet Şorta aid olduğu müəyyən edilib. İstintaq materiallarına görə, Elizabet Şortun cəsədi bel nahiyəsindən iki hissəyə ayrılmış vəziyyətdə idi. Bədənində çoxsaylı kəsik və işgəncə izləri aşkarlanmışdı. Üz nahiyəsində dərin yaralar vardı.
Hesab edirdilər ki, cinayət başqa yerdə törədilib, meyit isə sonradan həmin əraziyə gətirilib. Çünki hadisə yerində qan izi tapılmamışdı. Rəsmi məlumatlara görə, Elizabet Şort ağır zərbələr və güclü qanaxma nəticəsində həyatını itirib. Daha sonra cəsəd üzərində mutilasiya həyata keçirilib. Bu isə qatilin planlı və soyuqqanlı davrandığını göstərib.
Hadisədən sonra Los-Anceles polisi yüzlərlə şəxsi dindirib, çoxsaylı ipucları araşdırılıb. Hətta bəzi şəxslər yalan etiraflar da veriblər. Lakin buna baxmayaraq, cinayəti törədən şəxs heç vaxt müəyyən edilməyib. İllər boyu ən çox hallanan ad həkim Corc Hodel olub. Onun tibbi biliyə sahib olması və bəzi şübhəli davranışları səbəbindən adı tez-tez gündəmə gəlib. Lakin rəsmi şəkildə günahı sübuta yetirilməyib.
Fidan Hacızadə
Sfera.az
