Ramiz Mehdiyev tək deyil - İstintaq digərlərini də üzə çıxaracaq

Ramiz Mehdiyev tək deyil - İstintaq digərlərini də üzə çıxaracaq
Kateqoriya məlum deyil
T

Prezident Administrasiyasının səbiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində “dövlətə xəyanət” və “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamları irəli sürülüb. Bu, Azərbaycan siyasi tarixində son illərin ən ciddi hadisələrindən biri kimi qiymətləndirilir. 

 

Ağ Partiyanın sədri Tural Abbaslı məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirdi ki, ittihamın mahiyyəti dövlət çevrilişinə cəhd kimi dəyərləndirilə bilər:


“Bilirsiniz, iki maddə var — dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək, saxlamaq. Bu, birbaşa çevrilişə cəhddir. Əgər çevriliş baş versəydi, biz hərəkətlənməni, hərbi və ictimai-siyasi gərginliyi, küçələrdə kütləvi çıxışları görərdik. Ramiz Mehdiyev artıq hazırlıq mərhələsində ifşa olunub. DTX-nın bu işdə iştirak edənlər və onların iş bölgüsü barədə kifayət qədər məlumatı var. Yəqin ki, həmin şəxslər də müəyyənləşdirilib və həbs olunacaqlar”.


Abbaslının sözlərinə görə, dövlət çevrilişinə cəhd tək bir nəfərin həyata keçirə biləcəyi əməl deyil:


“Belə maddələrdə bir nəfəri həbs etməklə məsələ bitmir. Ramiz Mehdiyev təkbaşına bunu planlaşdıra bilməzdi. Həm yaşı imkan vermirdi, həm də əgər həqiqətən çevrilişə hazırlaşırdısa, bu işin içində nazirliklər, komitə rəhbərləri, güc strukturlarına yaxın şəxslər olmalı idi. Hakimiyəti ələ keçirəndən sonra bu vəzifədə kimlər oturacaqdı? Bütün bunlar araşdırılmalıdır. Hər bir çevrilişin əsas dayaqlarından biri də media ayağıdır. Əminəm ki, Mehdiyevə yaxın media qurumları və onlayn kanallar da var. Ad çəkmirəm, çünki dəqiq sübut yoxdur, amma müasir dünyada sosial şəbəkələr üzərindən saxta media şəbəkələri qurmaq çox asandır. Düşünürəm ki, bu prosesdə onlarla şəxs həbslə üzləşəcək”.

 


Ağ Partiya sədrinin fikrincə, prosesin miqyası böyükdür və hələ ictimaiyyətə tam açıqlanmayıb:


“Türkiyədə çevriliş zamanı minlərlə insan həbs olunmuşdu. Bizdə hələ cəhd mərhələsində ifşa olunub. Ona görə ən azı 10-larla insanın həbsi mümkündür. İçərisində keçmiş və hazırkı məmurlar, media nümayəndələri ola bilər”.


Məsələyə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da münasibət bildirib. O qeyd edib ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycan mediasına ciddi təsir göstərib:


“Sual verirlər ki, Mehdiyev hansı media qurumlarını ələ alıb? Gəlin sualı belə qoyaq: Ramiz Mehdiyev hansı media qurumunu ələ almayıb? Belə olanda cavab tapmaq asan olar. Konkret ad çəkmirəm, çünki əlimdə sübut yoxdur, amma bütün media siyasəti illərlə Əli Həsənov vasitəsilə idarə olunub. Əli Həsənov birbaşa icraçı olub, lakin onu yönəldən Ramiz Mehdiyev idi”.

 


Elçin Şıxlı bildirib ki, bir dövrdən sonra Əli Həsənov müstəqil fiqura çevrilib və Mehdiyevdən uzaqlaşmışdı:


“Son zamanlar Həsənov artıq güclü fiqura çevrilmişdi, bəlkə də buna görə Mehdiyevdən uzaqlaşıb onun sözünə baxmırdı. Mənim bu adamlardan xoşum gəlmir, amma sübut olmadan “növbə Əli Həsənovdadır” demək doğru olmaz. Bununla belə, məlumdur ki, media üzərində qurulan sistemin müəllifi Mehdiyev, icraçısı isə Əli Həsənov olub”.


Beləliklə, siyasi və ictimai dairələrdə Ramiz Mehdiyevin ətrafında formalaşmış şəbəkənin miqyası və media ilə əlaqələri barədə suallar getdikcə artır. Ekspertlər hesab edirlər ki, aparılan istintaq yaxın zamanda bu ittihamların arxasındakı real fiqurları üzə çıxaracaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR