Çinin dəstəklədiyi “Salt Typhoon” (“Duz Tayfunu”) adlı haker qrupunun həyata keçirdiyi kiberhücum dünyanın diqqətini çəkib.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, ABŞ rəsmilərinin və beynəlxalq mütəxəssislərin açıqlamasına görə, bu, Çinin indiyədək gerçəkləşdirdiyi ən genişmiqyaslı hücumdur.
“New York Times”ın məlumatına görə, hücum 80-dən çox ölkəni əhatə edib və demək olar ki, hər bir amerikalının şəxsi məlumatı ələ keçirilə bilər. Rəsmilər bunu Çinin kiberimkanlarının ABŞ və müttəfiqləri ilə rəqabət edə biləcəyinin göstəricisi kimi qiymətləndirirlər.
Hətta hücumdan Türkiyənin məşhur futbol klubu “Fənərbaxça” da zərər görüb. Araşdırmalara görə, hücum uzun illər ərzində telekommunikasiya şirkətləri və digər strateji qurumlara sızmaqla həyata keçirilib. Mütəxəssislər oğurlanan məlumatların Çin kəşfiyyatının siyasətçiləri, casusları və aktivistləri izləməsinə imkan yarada biləcəyini bildirirlər.
İngiltərə və ABŞ rəsmiləri hücumu “məhdudsuz” və “seçicisiz” adlandırıb. Kanada, Almaniya, İtaliya, Yaponiya və digər ölkələr də Çinə qarşı ortaq bəyanata qoşulub.
Ekspertlər hesab edir ki, “Duz Tayfunu” Çinin yeni kiberhücum dövrünün başlanğıcıdır və bu, Pekinin qlobal təsir iddialarını açıq şəkildə ortaya qoyur.
Bəsti Rəfizadə
Sfera.az