Xaricdən kiberhücumlar intensivləşir: "Cəmiyyət ayıq olmalıdır"

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb.
Komissiyanın bu ilin avqustun 6-da yayımladığı açıqlamada bildirilir ki, "Facebook" sosial media platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası davam edib:
"DZezinformasiya xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılan "Caspian Xəbər", "Caspian Times", "İşıq Media", "Pro Eminent Guild", "Next Azerbaijan" və bu kimi səhifələr vasitəsilə həyata keçirilib".
Qeyd olunub ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə Azərbaycanın informasiya məkanına edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınıb.
Eyni zamanda o da bildirilib ki, "Meta" şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.
Komissiya vətəndaşları diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır və bənzər sosial media səhifələri ilə rastlaşdıqda bu barədə Milli Məclisin [email protected] elektron poçt ünvanına məlumat verməyi xahiş edir.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bəyanatda qeyd olunan qonşu dövlətlərdən birinin məhz Rusiya olması istisna deyil.
Onun sözlərinə görə, Rusiyanın son zamanlar Azərbaycana qarşı ortaya qoyduğu aqressiv ritorika fonunda kiberhücumların baş verməsi mümkündür:
"Nəzərə almaq lazımdır ki, bir neçə gün əvvəl Azərbaycanda internetin verilməsində müəyyən fasilələr yaranmışdı. Sonradan məlum oldu ki, bu, kiberhücumun nəticəsidir. Ümumiyyətlə, indiki dövrdə nəinki Rusiyadan və qonşu ölkələrdən, bütün dövlətlərdən kiberhücum gözləniləndir. Kiberhücumlar bir növ soyuq müharibənin tərkib hissəsi kimi çıxış edir. Belə cəhdlərdə əsas məqsəd hədəf seçilən ölkənin informasiya təhlükəsizliyinə təhdid yaratmaq, media seqmentində saxta xəbərlər yaymaq, səhih informasiyaya çatımı çətinləşdirməkdir. Həmçinin, adətən qarşı tərəfin müəyyən məlumatlarının, o cümlədən hərbi və dövlət sirləri sayılan məlumatların ələ keçirilməsi üçün də kiberhücumlar həyata keçirilir".
Siyasi şərhçi vurğulayıb ki, kiberhücumlar artıq ən güclü silahlardan birinə çevrilib:
"Getdikcə kütləviləşən bu dinamikadan heç kim sığortalanmayıb. Bu, Azərbaycan üçün də istisna deyil. Təbii ki, preventiv və adekvat tədbirlər həyata keçirilir. Eyni zamanda media savadlılığı gücləndirilməlidir. Cəmiyyətdə oxşar təhdidlərə qarşı immunitet formalaşdırılmalıdır. Bu məsələdə həm dövlətin, həm də müvafiq qurumların üzərinə məsuliyyət düşür".
Kənan Novruzov qeyd edib ki, oxşar təhdid və cəhdlər bundan sonra da davam edəcək, Azərbaycan hökuməti və cəmiyyəti bunlara hazır olmalıdır.
Firuzə Əliyeva
Sfera.az






