“Delta Telekom”a qarşı kiber hücum: Təsadüf, yoxsa ciddi xəbərdarlıq?
Ötən gün ölkənin əsas magistral operatorlarından olan “Delta Telekom”a qarşı kiberhücum baş verdi. İlk baxışdan adi texniki problem təsiri bağışlasa da, bu hadisə sıradan bir hal kimi qiymətləndirilə bilməz.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz sosial media hesabında bölüşüb.
Onun sözlərinə əsasən, DDoS hücumları adətən kiçik qurumlara yönəlir. Lakin böyük şirkətlərə, xüsusən də magistral provayderlərə qarşı hücumların məqsədyönlü və sifarişli olma ehtimalı daha yüksəkdir. Bu baxımdan, ötən gün baş verən hadisə Azərbaycanın mühüm infrastrukturuna yönəlmiş ciddi risk kimi qiymətləndirilir.
Osman Gündüz bildirib ki, hücumun hansı maraqlı tərəflər və ya xarici dövlətlərlə əlaqəli ola biləcəyi barədə şübhələr mövcuddur. Onun sözlərinə görə, “Delta Telekom” ölkənin əsas strateji müəssisələrinin, dövlət və maliyyə sektorunun internet təminatının böyük hissəsini idarə etdiyi üçün bu insident təsadüfi ola bilməz.

“Xüsusən də dünyanın qarışdığı indiki zamanda, ölkələr arasında qarşılıqlı fiziki və kiberhücumların artdığı, geosiyasi vəziyyətin gərginləşdiyi bir zamanda belə bir hadisənin baş verməsi çox düşündürücüdür. Son illərdə Azərbaycanda kritik infrastrukturun təhlükəsizliyi istiqamətində mühüm addımlar atılıb: qanunvericilik qəbul edilib, səlahiyyətlər dəqiqləşdirilib (DTX və XRİTDX), DTX-da Milli Kibertəhlükəsizlik Mərkəzi yaradılıb, kadr hazırlığı aparılıb, qurumlar üçün metodik tövsiyələr və təlimatlar hazırlanıb və s. Çox güman ki, ötən gün hücumun fəsadlarının qısa zamanda aradan qaldırılması da məhz bu görülən işlərin nəticəsidir”.
Mütəxəssis bildirib ki, düşünmək olar ki, maraqlı tərəflər bu hücumla bəlkə də, ölkənin kritik infrastrukturunun dayanıqlığını “yoxlamaq”, test etmək istəyiblər. Bu isə ciddi xəbərdarlıqdır.
Osman Gündüzün sözlərinə görə, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi hər günün əsas məsələlərindən biri olmalıdır.
Bəsti Rəfizadə
Sfera.az






