Qətl törədən gəncə hökm oxundu

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib.
İttihamda bildirilib ki, 2007-ci il təvəllüdlü Həsən Kazimov 16 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən, kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmaqlarına iradını bildirib.
Bu zaman Adil İsmayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa olublar.
İstintaq zamanı o da müəyyən edilib ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirib.
Baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində cinayət məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı digər maddələrlə də ittiham irəli sürülüb.