"Oleq Bakinski"yə hökm oxunub

"Oleq Bakinski"yə hökm oxunub

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə K.Kuçer son söz deyib.

 

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Oleq Krapivin 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti seçilməklə şərti hesab olunub.

 

Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən birinə bəraət verilib. Ona qəti olaraq 6 ay sınaq müddəti seçilməklə şərti cəza təyin edilib. Mənəvi ziyan isə hər iki şəxsdən 50 min olaraq tutulub.

 

Şirkətlərə dəymiş ziyan isə baxılmamış saxlanılıb.

 

Konstantin Kuçerin "GünayBank"dakı hesabına qoyulmuş həbs götürülüb.

 

Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.


Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.


Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.


OXŞAR XƏBƏRLƏR