Tiktoker qadın qazini niyə bıçaqlayıb? - ANBAAN VİDEO

Aprelin 12-də Bərdədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, Tünzalə Hüseynova hadisəni törətməzdən əvvəl - aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.
Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub.
Belə ki, Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb. Bütün bu hadisələr anbaan kameraya düşüb.
Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “TikTok” sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb. O, aparılan araşdırmanın nəticəsini gözləmədən Ceyhun Zeynalova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qeyd edək ki, sonradan görüntülərin gözəllik salonunda deyil, ətriyyat mağazasında baş verdiyi müəyyənləşib.
Hadisəni törətməkdə şübhəli bilinən qadın və bıçaqlanan qazi aktiv “TikTok” istifadəçiləridir.