Hacıqabul sakini kiberdələduzluğun qurbanı oldu - Kartından 27 min manat oğurlandı

Daha bir şəxsin bank kartından kiber üsulla 27 283 manat oğurlanıb. Dələduzlar kart sahubinə xarici nömrədən zəng edərək sığorta ödənişinin olduğu, bu ödənişin həyata keçirilməsi üçün onlayn formatı təsdiqləməsi istənilib.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21000 manat kredit çəkilib: "Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib…"
DİN bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: "Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər".