10 minə yaxın vətəndaşa qarşı dələduzluq edən şəxslərdən XƏBƏR VAR - FOTO
10 minə yaxın vətəndaşa qarşı dələduzluq edən dəstə üzvlərinin məhkəmə prosesi başlayıb.
Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Yaxyayev Xəyal, Abdullayeva Gülara və Məmmədova Yeganənin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxs Abdullayeva Gülara ərizə yazaraq hakim Azad Məcidova etiraz edib və işə onun baxmasını istəmədiyini deyib. Konkret əsaslar göstərilmədiyindən Gülara Abdullayevanın ərizəsi rədd edilib.
Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.
X. Yaxyayev, G. Abdullayeva və Y. Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunurlar.
Baş İdarə əməkdaşlarının Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki,Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.
Təqdim edilən faktlarla bağlı G. Abdullayeva, X. Yaxyayev və Y. Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Nəzrin Cavadzadə