“Din qardaşları məni məcbur evləndirdilər" - Suriyaya gedən azərbaycanlıdan ETİRAF

“Din qardaşları məni məcbur evləndirdilər

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Samir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Samir Vəliyevin hansı səbəbdən İŞİD-ə qoşulması və ora gedib başına nələr gəlməsi ictimaiyyətə qaranlıq qalıb.

 

Sfera.az xəbər verir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

 

İttihama görə, Samir Vəliyev Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib. Hatay şəhəri istiqamətindən sərhədi Suriya Ərəb Respublikası ərazisinə keçərək orada xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "İŞİD” adlı cinayətkar birliyə qoşulub. O, "İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə fəaliyyət göstərib. Samir Vəliyev "Kalaşnikov” tipli avtomat silahla qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edib. Daha sonra isə Samir Vəliyev silahlı birləşmədən ayrılaraq Azərbaycana qayıdıb. Bir müddət sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə ittiham elan edilib.

 

Məhkəmədə danışan Samir Vəliyev özünü təqsirli bilməyib. O qeyd edib ki, 2011-ci ildən etibarən ibadət etməyə başlayıb:

 

"Həmin vaxtdan məscidlərə gedirdim və oradakı dini söhbətlərə qulaq asırdım. İbadət etməyə başladıqdan sonra ətrafımda olan din qardaşları məni Gözəl adlı, dini ləqəbi "Zəhra” olan bir qadınla evlənməyə məcbur etdilər. Məcbur qalıb, din qardaşlarımızın sözünü yerə salmadım. Gözəl ilə ailə həyatı qurdum. Bir müddət sonra Gözəl fikirlərimi dolduraraq məni Suriyaya gedib orada "hicrət” etməli olduğuma inandırdı. Həmin vaxt çox cavan olduğumdan və yeni ibadət etdiyimə görə, arvadımın sözlərinə aldanaraq Suriya Ərəb Respublikasına getməyə razılıq verdim”.

 

Təqsirləndirilən şəxs bildirib ki, arvadı Gözəllə birlikdə Türkiyənin İstanbul şəhərinə, oradan isə 2 gün ərzində Hatay şəhərinə gediblər:

 

"Hataydan qaçaq yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə keçdikdən sonra orada bizi şəxsiyyətini xatırlamadığım Əhməd adlı milliyətcə türk olan şəxs qarşıladı. O, bizi Hələb şəhərinə apardı. Oradan isə özümüz Hafar Hamra şəhərinə getdik. Orada Gözəlin və mənim yanımda olan şəxslərin təsiri və təzyiqi ilə milliyətcə türk olan "İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin camaatına qoşuldum. Həmin təşkilat İŞİD qruplaşmasına aid deyildi, orada mənə kiçik odlu silah verdilər və mən, postlara çıxmağa başladım. Təxminən 2-3 ay orada qaldıqdan sonra məni kafir adlandırdılar. Dini görüşlərimə görə məni edam etmək istəyirdilər, barəmdə hətta edam hökmü də çıxarıldı. Həmin vaxt arvadım Gözəl belə tərəfimi tutmadı. Mən məcburən təkcə həmin şəhərdən qaçaraq Türkiyə sərhədinə getdim. Oradan qaçaq yolla Hatay şəhərinə keçdim, Hataydan isə avtobus ilə İstanbul şəhərinə yollandım”.

 

Samir Vəliyev deyib ki, uzun müddət İstanbulda yaşayıb və fəhləliklə məşğul olub:

 

"Azərbaycana qayıtmaq və təslim olmaq qərarına gəldim. Bununla bağlı çox düşündüm. Sonda qərara gəldim ki, Bakıya qayıdım. İstanbuldan Bakıya gəldim. İki gün sonra özüm könüllü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedərək təslim oldum. Lakin orada məni qısa müddət saxladıqdan sonra buraxdılar. Bir neçə gün sonra mənə DTX-nın əməkdaşı zəng vuraraq xidmətin binasına çağırdı. Mən də dəvət gələn kimi DTX-ya getdim. Orada məni həbs etdilər”.

 

Məhkəmədə Samir Vəliyevin valideyni ifadə verib. O qeyd edib ki, oğlu Rusiyada böyüyüb:

 

"Əsgərlik vaxtı çatanda hərbi borcunu yerinə yetirməsi üçün Samiri Azərbaycana göndərdim. Lakin səhhəti ilə əlaqədar oğlumu hərbi xidmətə aparmadılar. Bir neçə ay sonra Rusiyada olduğum zaman Azərbaycan nömrəsindən zəng gəldi. Telefonu qaldıranda bir qadın dedi ki, oğlum Samirlə evlənib. Mən təəccübləndim. Həmin qadın sonra dedi ki, qızı Samirlə birlikdə Türkiyəyə gedirlər. Mən dəstəyi oğluma verməyini istədim. Samir telefonu götürdü və dedi ki, işləməyə gedir. Mənə də guya pul göndərəcək. Mən Samirə təkidlə heç yerə getməməsini dedim. Lakin sözümə əməl eləmədi. Uzun müddət onunla əlaqə saxlaya bilmədim. Bir il sonra Samir mənə zəng edərək Azərbaycana qayıtdığını dedi. Lakin onun Suriyaya getməsi və orada hansı işlə məşğul olmasından xəbərim olmayıb. O, həbs ediləndən sonra mən bunları bilmişəm”.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...