Oğurladıqları adama görə 500 manat tələb edən şəxslər saxlanıldı – Onları hansı cəza gözləyir?

Oğurladıqları adama görə 500 manat tələb edən şəxslər saxlanıldı – Onları hansı cəza gözləyir?

Ötən gün Bakıda adam oğurlayan və qarşılığında 500 manat tələb edən şəxslərin tutulması sosial mediada müzakirələrə səbəb olub. Bəziləri tələb olunan məbləği məsxərəyə qoydu, bəziləri isə adam oğurluqları probleminin yenidən aktuallaşmasına diqqət çəkdi.

Maraqlıdır, qanunvericilikdə 500 manat və ya fərqli qiymətlər tələb etməklə adam oğurlayan şəxsləri hansı cəza gözləyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Elmir Murquzov deyib ki, həmin şəxslərin əməli Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına daxildir:

 

“Onlara qarşı cinayət məcəlləsinin 144-cü maddəsi olan adam oğurluğu ilə cinayət işi başlanacaq. Adam oğurluğu cinayətinin sanksiyasına görə təqsirləndirilən şəxsi beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Lakin eyni əməllər iki və ya daha çox şəxs barəsində törədildikdə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə, bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə isə həmin şəxslər səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır”.

 

Müsahibimizin sözlərinə görə, bu cinayətlər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

 

“Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Yəni tamah məqsədi ilə kimisə qaçırmış şəxs onu könüllü azad edərsə, cinayət məsuliyyətinə cəlb olunmur”.

 

Qeyd edək ki, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR