Bakıda tanışı Gürcüstan vətəndaşını öldürdü

20:13 / 11.02.2021
2584
Bu gün saat 16:00 radələrində Gürcüstan vətəndaşı, Xəzər rayonu Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlunun öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.
Sfera.az xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.