Korrupsiyalaşma kölgə iqtisadiyyatının kiçilməsinə imkan vermir – TƏHLİL

Korrupsiyalaşma kölgə iqtisadiyyatının kiçilməsinə imkan vermir – TƏHLİL

Kölgə iqtisadiyyatı Azərbaycan üçün xarakterik olan problemlərdən biridir. Müxtəlif qiymətləndirmələrə əsasən iqtisadiyyatda yaradılan dəyərin təxminən 30-40 faizi kölgə iqtisadiyyatının payına düşür. İqtisadiyyatın önəmli hissəsinin "kölgə”də qalması, qeydiyyata alınmaması həm dövlət büdcəsinin, həm Dövlət Sosial Müdafiə Fondunun gəlirinin azalmasına, həm də "kölgə”də çalışan şəxslərin sosial müdafiəsinin pisləşməsinə səbəb olur.

 

Buna görə də iqtisadiyyatını inkişaf etdirmək istəyən, əhalinin sosial müdafiəsini yaxşılaşdırmağa çalışan hər bir dövlət kölgə iqtisadiyyatının miqyasını minimuma endirməyi qarşısına məqsəd qoyur.


Sfera.az xatırladır ki, Azərbaycanda 2019-cu ildən kölgə iqtisadiyyatının miqyasının azaldılması istiqamətində ciddi işlər görülür və bunun müsbət əlamətləri müşahidə edilir. Kölgə iqtisadiyyatının kiçildilməsi məqsədilə işləyənlərlə əmək müqavilələri bağlanır, sahibkar kimi fəaliyyət göstərənlərin dövlət qeydiyyatına alınması həyata keçirilir və s.


Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, kölgə iqtisadiyyatına qarşı mübarizədə sadalanan tədbirlər önəmlidir. Lakin bunlarla bərabər daha önəmli olan tədbirlərdən biri də korrupsiyaya qarşı mübarizədir. Əgər korupsiyaya qarşı mübarizədə dönüş yaradılmasa, onun miqyası azaldılmasa, kölgə iqtisadiyyatının miqyasını arzulanan həddə qədər kiçiltmək mümkün olmayacaq.

 

Korrupsiyaya qarşı mübarizənin güclənməsinin iqtisadi baxımdan 2 müsbət nəticəsi yaranır. Birinci əsas fayda leqal işləmək istəyənlərin sayı artacaq. Bir ölkədə korrupsiya, rüşvətxorluq geniş yayılanda kölgə iqtisadiyyatının miqyası böyüyür, bizneslə məşğul olan daha çox insan kölgə iqtisadiyyatına meyl edir. Çünki sahibkardan qeyri-rəsmi ödəniş tələb edəndə o, həmin pulu əldə etmək üçün əlavə qazanca sahib olmalıdır. Bu məqsədlə sahibkar ya istehsal etdiyi məhsulu baha satmalıdır, ya da büdcə ödənişlərini gizlətməklə, dövriyyəni az göstərməklə qazanc əldə etməlidir.

 

Məhsulu baha satmaq sahibkar üçün məqbul deyil. Baha məhsul dövriyyəni azaldır və nəticədə sahibkar daha az qazanc əldə edir. Buna görə də sahibkar, ikinci yolu seçir. O, faktiki əmək haqqını gizlədir, ikili mühasibatlıqdan istifadə edir, bir işçi ilə əmək müqaviləsi bağlayanda digəri ilə müqavilə bağlamır, gəlirini az göstərir, satdığı məhsulun bir hissəsinə görə kassaya mədaxil edir və sair. Bütün bunlar onunla nəticələnir ki, dövlət büdcəsinin gəlirləri, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər zəif sürətlə artır, dövlət büdcəsinin xərcləri yüksəlir, muzdla çalışanların hesabına yığılan pensiya kapitalı az olur. Yəni, nəticə etibarilə, həm iqtisadi zərər baş verir, həm də əhalinin sosial haqları pozulur.

 

Korrupsiyanın iqtisadiyyata vurduğu zərərin bir əlaməti də iqtisadiyyatda çirkli və gizli pul dövriyyəsinin həcminin artmasıdır. Bu halda Mərkəzi Bank pul bazarını tənzimləməkdə çətinlik çəkir, yürüdülən pul-kredit siyasəti istənilən səmərəni vermir.


Korrupsiyaya qarşı mübarizədə yaxşı nəticələrin əldə edilməsinin digər müsbət cəhəti ölkəmizdə yerli və xarici investisiyaların həcminin artması olacaq. Korrupsiyanın azalması vicdanlı, düz işləmək istəyən investorları ölkəmizə cəlb edəcək. Çünki korrupsiya səbəbindən adələtli rəqabət mühitini təmin etmək mümkün olmur. Eyni sahədə fəaliyyət göstərən sahibkarın biri qanuni işləyir, vergisini ödəyir, əmək müqavilələrini bağlayır, nəticədə onun xərcləri artır.

 

Artan xərc məhsulun maya dəyərinin üzərinə əlavə edilir. Amma rüşvət verib, gizli iqtisadiyyatda fəaliyyət göstərənlərin istehsal etdiyi məhsulun maya dəyəri nisbətən aşağı olur. Belə ədalətsizlik ona gətirib çıxarır ki, düz işləyən sahibkar digərinə rəqabətdə uduzur, bazar payını itirir, hətta bir müddətdən sonra müflis olur. Buna görə də düz işləyən sahibkarların bir hissəsi öz vəsaitinin müəyyən hissəsini xaricə, qonşu ölkələrə köçürür, biznesinin bir hissəsini orada təşkil edir. Bununla nə baş verir? Ölkədən investisiya qaçışı baş verir.

 

Ölkədə korrupsiya yüksək olduqda, xarici investorların bir hissəsi də sərmayə qoymaqdan çəkinir. Onlar Azərbaycana maraq göstərsə də, bura investisiya qoymaq istəsə də, ehtiyatlanaraq başqa ölkələrin bazarlarına üz tuturlar.

 

Xarici investorların başqa ölkələrə sərmayə qoyması Azərbaycana idxalın artmasına rəvac verir. Ölkəmizdə istehsal edilməli olan məhsullar başqa ölkələrdə istehsal edilir və biz həmin məhsulları idxal hesabına əldə edirik.


Korrupsiyanın ən zərərli nəticələrindən biri də iş yerlərinin məhdudlaşmasıdır. Korrupsiya böyük olanda o, biznesləri kölgə iqtisadiyyatına çəkir, bazara daxil olmaq üçün maneələr yaradır, o cümlədən biznesin aparılması xərclərini artırmaqla özəl sektordakı iş yerlərini məhdudlaşdırır. Bu hallar şirkətləri inkişaf etmək və genişlənmək niyyətindən çəkindirir.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...