Karantin dövründə əhalinin real gəlirləri - AZALMA NƏ ZAMANA QƏDƏR DAVAM EDƏCƏK?

Karantin dövründə əhalinin real gəlirləri - AZALMA NƏ ZAMANA QƏDƏR DAVAM EDƏCƏK?

Koronavirus pandemiyasının Azərbaycana vurduğu ciddi iqtisadi zərərlərdən biri də əhalinin real gəlirlərinin azalması ilə bağlıdır. Real gəlir dedikdə inflyasiya dərəcəsi çıxıldıqdan sonra əhalinin gəlirlərindəki dəyişiklik nəzərdə tutulur. Əgər qiymətlər 3 faiz, gəlirlər 2 faiz artırsa, bu o deməkdir ki, əhalinin real gəlirləri 1 faiz bəndi azalıb.


Sfera.az xatırladır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti mart və aprel aylarında sərt karantin tədbirləri tətbiq edib. Bunun nəticəsində mart ayından başlayaraq əhalinin real gəlirlərindəki artım sürəti zəifləyib, apreldən isə mənfi məcraya keçib. Əhalinin real gəlirlərindəki azalma onun xərclərində, o cümlədən ticarət obyektlərindəki xərclərində də real azalmaya səbəb olub.

 

2020-ci ildə gəlirlərin mənfi məcraya necə meyl etdiyini Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların müqayisəsindən də görmək olar. Yanvarda ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz artaraq 4,057 milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 407,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3,685 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb. Yanvarda hər nəfərin sərəncamında qalan gəlir 5,7 faiz artıb. İlin birinci ayında inflyasiyanın 2,7 faiz olduğu nəzərə alınarsa, əhalinin real gəlirlərində artım baş verib.

 

Buna uyğun olaraq əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsait də artıb. Bir istehlakçı orta hesabla 309,1 manatlıq və ya 2019-cu ilin eyni ayı ilə müqayisədə 15,3 manat çox əmtəə alıb.

 

2020-ci il yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8,301 milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7,476 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb. Yanvar-fevralda hər nəfərin sərəncamında qalan gəlir 7,4 faiz artıb. Bu dövrdə inflyasiya 2,8 faiz olduğundan əhalinin real gəlirləri artıb.

 

Eynilə ticarət şəbəkələrində adambaşına xərclənən vəsait də 2019-cu ilin eyni dövrü ilə müqayisədə artıb (artım 14,9 manat olub).


Martdan karantin tədbirlərinin görülməsi əhalinin gəlirlərinin artımına təsir edib. 2020-ci il yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13,44 milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12,195 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb. Yanvar-martda hər nəfərin sərəncamında qalan gəlir 4,9 faiz artıb.


İlin birinci rübündə 3 faiz inflyasiya olduğundan əhalinin real gəlirlərində artım baş verib, amma əvvəlki iki aya nisbətən artım sürəti xeyli azalıb. Real gəlirlərin artım sürətinin azalması ticarət dövriyyəsinə də təsir göstərib. 2019-cu ilin eyni dövrünə nisbətən bir istehlakçı orta hesabla ayda 309,4 manatlıq pul xərcləyib ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 10,8 manat çoxdur.


Apreldən isə əhalinin real gəlirləri azalma mərhələsinə keçib. 2020-ci ilin aprel ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 14,4 faiz, cari ilin mart ayına nisbətən isə 24,6 faiz azalıb. Nəticədə yanvar-aprel ayları üzrə gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı yanvar-mart aylarındakı 6,8 faizə qarşı 1,3 faizə enib. Cari ilin yanvar-aprel aylarında əhalinin gəlirləri 17,146 milyard manat və ya hər nəfərə orta hesabla 1722 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15,417 milyard manatlıq vəsait qalıb ki, bununla da 0,4 faiz, adambaşına düşən sərəncamda qalan gəlirlərdə isə 1,2 faiz azalma olub.


Nəzərə alsaq ki, yanvar-apreldə inflyasiya 3 faiz olub, deməli əhalinin real gəlirləri 1,7 faiz azalıb, adambaşına düşən sərəncamda qalan real gəlirlər isə 4,2 faiz azalıb.

 

Real gəlirlərin azalması ticarət şəbəkələrindəki xərclərin də artım sürətində özünü göstərib. 2020-ci ilin yanvar-aprel aylarında ticarət şəbəkəsində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat olub ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat və ya 0,52 faiz artım deməkdir. İnflyasiya nəzərə alındıqda, əhalinin ticarət xərcləri real müqayisədə 2,5 faiz azalıb.

Əhalinin real gəlirlərinin və buna uyğun olaraq xərclərinin azalması dövlət büdcəsinin gəlirləri və iqtisadi artım üçün arzuedilməz haldır. Bu vəziyyət məhz karantin tədbirləri ilə əlaqədar yarandığından may ayından karantin tələblərində xeyli yumşaldılma oldu. Karantinin yumşaldılmasının hansı müsbət nəticələrə səbəb olacağını iyunda biləcəyik.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...