“Jurnalistə zor tətbiq etmiş DSX mayoru işdən çıxarılmalı, cinayət işi açılmalıdır” - Hüquqşünas

“Jurnalistə zor tətbiq etmiş DSX mayoru işdən çıxarılmalı, cinayət işi açılmalıdır” - Hüquqşünas
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı, mayor Rövşən Cahangirov Baku.TV internet televiziyasının əməkdaşı Tural Müseibova hücum edib. Hadisə Dövlət Sərhəd Xidmətinin helikopter qəzasında həlak olan zabitləri ilə vida mərasimi zamanı baş verib.

Məlumat üçün bildirək ki, jurnalist Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yaxınlaşaraq helikopterin qəzaya uğraması ilə bağlı faciəyə münasibət bildirməyə çalışıb. Lakin mayor Rövşən Cahangirov müxbiri kobud şəkildə itələməyə başlayıb, prosesi lentə alan operatoru isə yumruqla vurub.

Maraqlıdır, DSX rəsmisinin jurnalistə qarşı kobud davranışı, onun peşə fəaliyyətinə əngəl törətməsi hansı hüquqi məsuliyyəti yaradır? Rövşən Cahangirov törətdiyi əmələ görə məsuliyyətə cəlb oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmmədli jurnalistin fəaliyyətinə zor tətbiq etməyin cinayət məsuliyyəti yaratdığını bildirib:

"Peşə fəaliyyətini yerinə yetirən jurnalistə qarşı heç kim qanundan və etikadan kənara çıxmamalıdır. Jurnalist qanuni olaraq peşə fəaliyyətini icra edir və onun fəaliyyəti konstitusion təminat altındadır. Jurnalistin qanuni peşə fəaliyyətinə qarşı tədbir görmək, zor tətbiq etmək cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 163-cü maddəsində göstərilir ki, qanuni peşə fəaliyyətinə mane olmaq zor tətbiqi ilə baş verirsə, bu cinayət əməlidir”.
 
Hüquq eksperti zor tətbiq edən şəxsin vəzifədən kənarlaşdırılmalı olduğunu deyib:

"Zabit heyətinin qəza nəticəsində dünyasını dəyişməsi ictimai əhəmiyyət daşıyır və təbii olaraq cəmiyyət bu istiqamətdə informasiya ilə təmin olunmalıdır. Jurnalist də cəmiyyətin ehtiyacından orada idi. Buna uyğun olaraq da media mənsubuna münasibət göstərilməli, adekvat cavab verilməli idi. Tərbiyə sərhədini aşan, etik olmayan mənzərə ortaya çıxmamalı idi. Buna görə zor tətbiq edən həmin  məsul şəxs vəzifədə qalmamalıdır. Məsələ ilə bağlı 163-cü maddə ilə prokurorluq orqanları ayrıca iş başlatmalıdır”.

Əzizə Zeynal

OXŞAR XƏBƏRLƏR