İsrail niyə Azərbaycanı dəstəkləyir? – Roman Qureviç Ermənistanın antisemitizm siyasətini ifşa etdi

İsrail niyə Azərbaycanı dəstəkləyir? – Roman Qureviç Ermənistanın antisemitizm siyasətini ifşa etdi
İsrailin ingilisdilli məşhur "The Yerusalem Post” saytında Azərbaycanda antisemitizmin olmadığını əks etdirən geniş analitik yazı dərc edilib.

 

Sfera.az xəbər verir ki, siyasi ekspert Roman Qureviç "Azərbaycanda Yəhudi kimi yaşamaq yoxsa, Ermənistanda yəhudi olmaq” başlıqlı məqaləsində Azərbaycanda və Ermənistanda yəhudilərə münasibətdən bəhs edib.

 

Müəllif yazısına Bakıda yaşayan Aşkenazi yəhudilərinin Azərbaycan ordusunun Dağlıq Qarabağ müharibəsindəki qələbəsi üçün bir araya gəldiyini qeyd etməklə başlayıb. O hesab edir ki, Azərbaycanın bütün yəhudi icmaları - dağ yəhudiləri və gürcü yəhudiləri bu duada iştirak etməlidirlər. R. Qureviç Azərbaycandakı Aşkenazi Baş ravvini Shneor Segaldan "Biz ana vətənimiz Azərbaycanı sevirik. Təcavüzkarın işğal etdiyi torpaqların qələbəsi və qurtuluşu üçün dua edirik", sitatına da yer verib.

 


Ailəsinin ötən əsrin əvvəllərindən etibarən Bakıda yaşadığını vurğulayan ekspert yəhudilərin özlərini burada öz evindəki kimi hiss etdiklərini qeyd edib:


"Bakıda "Yəhudi” xatirə lövhələri və abidələrinə rast gələ bilərsiniz. Bura dahi fizik Lev Landau, Sovet Atom proqramının lideri General Boris Vannikov və digərlərinə həsr edilmiş abidələr aiddir. Bakıda tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə Qarabağdakı döyüşdə həlak olan Albert Aqarunova həsr olunmuş gözəl bir abidə var. Bu heykəlin yeləşdiyi küçə və Albertin oxuduğu məktəb onun adını daşıyır. Aqarunovun dəfnində onun vəsiyyətinə əsasən, həm ravvin, həm də molla dua oxuyub”.


Roman Qureviç Azərbaycanda praktik olaraq antisemitizmin olmadığını təsdiqləyir; azərbaycanlılarla yəhudilərin bir-birinə, fərqli dinlər və ənənələrə hörmət edərək birlikdə yaşadığına diqqət çəkir.

 

Müəllif Azərbaycanı İsrailin sadiq strateji tərəfdaşı adlandırır:


"İsrailin inkişafı üçün vacib olan enerji məhsullarını Azərbaycandan alırıq. Müxtəlif sahələrdə əməkdaşlıq qurmuşuq. Azərbaycanın köməyi sayəsində Mossad İsrailin düşmənlərinə qarşı bir çox uğurlu əməliyyatlar həyata keçirməyə müvəffəq olub”.


Məqalədə 30 il əvvəl Bakıda ermənilər üçün yaradılan geniş imkanlar və ermənilərin düşmənçilik siyasətinin başlanma səbəblərinə də yer verilib:

 

"30 il əvvəl Bakıda erməni dilli yazıçılar üçün Azərbaycan Yazıçılar Birliyinin xüsusi şöbəsi var idi. Bakıdakı erməni yazıçılarının erməni dilində öz ədəbi jurnalı çap olunurdu. Bakıda hökumətin dəstəklədiyi böyük bir erməni qəzeti çıxırdı. Erməni dilində dərsləri olan ali təhsil şöbəsi var idi və Azərbaycanda erməni məktəbləri mövcud idi. SSRİ-nin 1989-cu il siyahıyaalınmasına görə, o dövrdə Azərbaycanda 390 min erməni yaşayırdı. İnsanlar ədalətsiz davranış hiss etdikləri yerdə yaşamırlar. Bakıda və Azərbaycanda yaşayan ermənilər getmək və heç kimlə döyüşmək niyyətində deyildilər. Yenidənqurma illərində "Böyük Ermənistanın dənizdən dənizə” ideoloqları mərkəzi hökumətin zəifliyindən və vaxtilə böyük dövlətin süqutundan istifadə edərək planlarını həyata keçirməyə başladılar. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı evlərindən qovuldu. Azərbaycana uşaqları qucağında ailələr dağ keçidlərindən aşaraq, ayaqyalın gəlirdilər. Dağlıq Qarabağda da ermənilər bu ərazinin qədim erməni ərazisi olduğunu və özlərinin yaşamalı olduğunu elan edərək orada nəsillər boyu yaşamış bütün azərbaycanlı qonşularını qovdular. Beləliklə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, müharibəsi və işğalı başladı”.


Müəllif Ermənistanın beynəlxalq qanunları pozaraq Azərbaycan dövlətinə hücum edərək, həm Qarabağı, həm də bitişik yeddi bölgəni ələ keçirərək ərazisinin 20% -ni işğal etdiyini, bu müharibədən yalnız münaqişəni alovlandıraraq milyonlarla dollarlıq sərvət toplayan siyasətçilərin yararlandığını qeyd edib.

 

Təcavüzün erməni xalqına bədbəxtlik, dağıntı və təcriddən başqa bir şey gətirmədiyi də xüsusi vurğulanıb.


Roman Qureviç Azərbaycandan fərqli olaraq Ermənistanda antisemitizmin geniş yayıldığına diqqət çəkir. Ekspert Ermənistanı Mərkəzi və Şərqi Avropadakı 18 ölkə arasında yəhudilərə qarşı ən az tolerant olan ölkə kimi qiymətləndirir.

 

 

"Ermənistanda antisemitizmə tipik rəsmi cavab, mövcudluğunu inkar etməkdir. Ermənistanın paytaxtı İrəvandakı Holokost abidəsi 2004 və 2005-ci illərdə dəfələrlə dağıdılıb, lakin polisin abidənin "öz başına yıxıldığı” qənaətinə gəldiyi bildirilib və heç bir məmur hadisələri açıq şəkildə qınamayıb. 1930-cu illərdə "Hairenik” kimi tanınan erməni-amerikan mediası Hitlerə tam təbliğat dəstəyini verərək, yəhudiləri "zəhərli ünsürlər”, Holokostu isə zəruri "cərrahi əməliyyat” adlandırıb.


Roman Qureviç İsrailin Qarabağ mövzusunda Azərbaycanın yanında olmasını doğru addım kimi dəyərləndirib:

 

"Bir tərəfdə antisemitizmin olmadığı, İsrailin həyati əhəmiyyətli enerji ehtiyaclarını təmin edən, İsrailin bölgədəki düşmənləri ilə mübarizə aparmasına kömək edən və bu gün işğalçıları qovmaq üçün öz suveren ərazilərində mübarizə aparan Azərbaycan var. Digər tərəfdə, İranla güclü bir strateji müttəfiqlik quran, faşist müttəfiqlərini milli qəhrəman adlandıran, Avropada ən yüksək antisemitizm səviyyəsinə sahib olan, qonşu dövlətin ərazisini qanunsuz olaraq işğal edən və qarşıdırmanın miqyasını genişləndirmək üçün mülki hədəfləri atəşə tutan Ermənistan var”.

 

Zeynəb

Sfera.az

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR