İri hasilatçılar razılaşdı, neft yenidən bahalaşır - TƏHLİL

İri hasilatçılar razılaşdı, neft yenidən bahalaşır - TƏHLİL

2020-ci ilin dekabrın 3-də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının mövcud səviyyədə saxlanılması ilə bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən gündəlik hasilat ən azı 7,2 milyon barrel azaldılacaq və "OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artım 0,5 milyon barreldən çox olmayacaq. Energetika Nazirliyindən verilən məlumata görə, "OPEC plus” üzrə xam neft hasilatının yanvar ayında 0,5 mln. barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib.


Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barrel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barrel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni, yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.


Sfera.az xatırıadır ki, neft hasilatının kəskin azaldılması ilə bağlı razılaşma 2020-ci ilin aprelin 9-da əldə edilib və burada neft hasilatının azaldılması 2018-ci ilin oktyabrındakı göstərici ilə müqayisədə həyata keçirilir. Razılaşma 3 mərhələdən ibarət olmalıdır. Birinci mərhələ may-iyun aylarını əhatə etməliydi və bu müddət ərzində hasilat 9,7 milyon barel azaldıldı. Azərbaycan may-iyunda gündəlik hasilatı 164 min barel azaladaraq 554 min barelə endirməyi öhdəlik götürdü. Qeyd edilən dövrdə neft qiymətlərti arzulanan səviyyə çatmadığına görə razılaşmanın birinci mərhələsi iyul ayının sonuna qədər uzadıldı.

 

İkinci mərhələdə ölkələr iyuldan sonra ilin axırına qədər hasilatı 7,7 milyon barel azaltmaq öhdəliyini götürüblər. Yəni, avqsut-dekabr dövründə hasilat may-iyul ayları ilə müqayisədə 2 milyon barel artırılacaq. Bu dövrdə ölkəmiz hasilatı 587 min barelə qaldırıb.

 

Üçüncü mərhələ 2021-ci ildən 2022-ci ilin aprelinə qədər olan dövrü əhatə etməlidir və hasilatda azalma 5,8 milyon barel olacaq. Başqa sözlə ikinci mərhələ ilə müqayisədə üçüncü mərhələdə hasilat 2 milyon barel artırılacaq. Son mərhələdə Azərbaycan hasilatı artıraraq 620 min barelə çatdırmalıdır.

 

Lakin neft bazarındakı vəziyyət göstərir ki, hasilatın 2 milyon barel artırılması risklidir və qiymətlər yünidən xeyli düşə bilər. Bu riski yaradan pandemiyanın ikinci dalğasının gəlməsidir. Covid-19 virusunun yayılma sürəti kəskin artdığından bəzi ölkələr karantin rejimini sərtləşdirib, xarici səfərlərə qadağalar tətbiq olunub. Buna görə də neftə gündəlik tələbat yenidən azalıb. Belə vəziyyətdə neft hasilatının artırılması qiymətlərin mart ayında olduğu kimi minimum həddə düşməsinə səbəb ola bilərdi. Bunu nəzərə alaraq hasilatçılar ikinci mərhələnin yanvardan sonra da davam etdirilməsi haqqında razılaşmaya nail olub.

 

Bununla da üçüncü mərhələ ilə bağlı olan öhdəlik qeyri-müəyyən müddətə taxirə salınıb.

 

 

OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin əldə etdiyi razılaşma neft bazarına müsbət ismarış oldu. Bununla əlaqədar olaraq neft qiymətlərində yenidən artım müşahidə edilir. "Brent” markalı neftin qiyməti 2 faizə yaxın artaraq 49,6 dollara yüksəlib. Azərbaycanın ixrac etdiyi Azeri Light markalı neftin qiyməti də təxminən bu səviyyədədir. Amma razılaşmanın uzadılması ilə bağlı müzakirələrin getdiyi günlərdə neftin qiyməti 46,9 dollara qədər geriləmişdi. Əgər razılaşma əldə edilməsəydi, neft qiymətlərin böyük ehtimalla 40 dollardan aşağı düşəcəkdi.

 

Azərbaycan üçün ixrac edilən neftin qiymətinin 50 dollar səviyyəsində olması əlverişlidir. Neftin orta qiyməti nə qədər yüksək olarsa, həm ÜDM artımı, həm dövlət büdcəsinin artımı böyüyər, həm də cari əməliyyatlarda kəsirin yaranması ehtimalı və Dövlət Neft Fondunun aktivlərinin azalması ehtimalı aradan qalxar. 2021-ci ilə dair hazırlanan makroiqtisadi proqnozlara əsasən neftin orta illik qiyməti 35 dollar olarsa, ÜDM-də real artım 3 faiz, 40 dollar olarsa, 3,4 faiz, 45 dollar olarsa, 3,8 faiz gözlənilir. Sözügedən razılaşmadan sonra 2021-ci ildə neftin orta qiymətinin 50 dollar olması da mümkündür. Bu halda ÜDM-də real artım 4 faiz və daha çox olması ehtimalı yaranır.

 

Bundan başqa proqnozlaşdırılır ki, gələn il neftin qiyməti 35-40 dollar olarsa, cari əməliyyatlarda 1,4 milyard dollar kəsir formalaşacaq. Amma neftin qiyməti 50 dollar olacağı halda kəsir ehtimalı aradan qalxır.

 

Neftin bahalaşması dövlət büdcəsinin neft-qaz sektorundan vergi gəlirlərinə də müsbət təsir göstərəcək. Qiymətlər nə qədər yüksək olursa, sektor üzrə toplanan mənfəət vergisi də bir o qədər artır.

 

Neftin bahalaşması Neft Fondunun cari gəlirləri ilə xərcləri arasındakı natarazlığı da aradan qaldırır. 2021-ci ildə neftin qiymətinin 35 dollar gözləntisinə uyğun olaraq Neft Fondunun büdcəsində böyük kəsir proqnozlaşdırılır. Bu ilin 9 ayında da neftin orta qiymətinin 38 dollar olması səbəbindən Fondun büdcəsində 2,453 milyard manat kəsir yaranıb. Əgər neftin qiyməti 50 dollar olsaydı kəsir sıfıra yaxınlaşacaqdı.

 

Qeyd edilənlər nəzərə alındığında əldə edilən razılaşma Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və o, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsinə kömək edəcək.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR