\"İran məhsulları asanlıqla alternativlərlə əvəzlənə bilər\" - İranla ticarət dövriyyəsi azalarsa, Azərbaycan heç nə itirməyəcək

\
İranla yaşanan son münasibətlər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr də müzakirə obyektinə çevrilib. 
 
Maraqlıdır, baş verənlər iki dövlət arasındakı iqtisadi münasibətlərə hansı formada təsir edəcək?

Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-deputat Vüqar Bayramov deyib ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub:

"İran ilə ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İran ilə ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə, bu ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək. İrandan idxalın azalacağı halda, onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmamalıdır”.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanın illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır:

"Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milyon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları  (çay (177.2 min dollar), düyü (167.4 min dollar) makaron məmulatları (51.4 min dollar) və s.) idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR