Bu il pensiyalara neçə milyard manat xərclənib? (RƏSMİ)
10:41 / 17.11.2017
1075
Cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 mlrd. 524,5 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 196,9 mln. manat və ya 8,5% çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan "Qaynarinfo"ya verilən məlumata görə, vəsaitin 97,3%-ini pensiya xərcləri təşkil edib.
2017-ci ilin 9 ayı ərzində əhaliyə 67,7 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 24,8%-i hamiləliyə və doğuma görə, 25,1%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 14,7%-i dəfn üçün, 35,4%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2017-ci il oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 325,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6%-ini təşkil edir. Onların 59,2%-i yaşa, 29,4%-i əlilliyə, 11,4%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% artaraq 203,7 manat təşkil edib və orta aylıq əmək haqqının 38,8%-nə bərabər olub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
"Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2017-ci il 10 mart tarixli 543–VQD nömrəli qanuna əsasən 2017-ci il 1 iyul tarixindən əmək pensiyasının baza hissəsi ləğv edilib və əmək pensiyasının minimum məbləği 110 manat müəyyən olunub. Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq yaşa görə pensiya almaq üçün kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
2017-ci il oktyabrın 1-i vəziyyətinə 376,1 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 24,8 min nəfər, əlilliyə görə - 156,5 min nəfər, ailə başçısını itirməyə görə - 41 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,3 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 54 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 354 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 8,8 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1022 nəfər bir yaşadək uşağa görə 1006 ailəyə və beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.
2017-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 74763 nəfərə, o cümlədən 64064 uşağın doğulmasına görə, 4500 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3785 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 2414 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
Cari ilin oktyabrın 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 428 nəfər zərərçəkən kompensasiya alıb.
Ölkədə 98,3 min aztəminatlı ailənin 404,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 36 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 27,5% azalıb.
Azərbaycan prezidentinin təqaüdünü almış şəxslərin sayı 59,3 min nəfər olub.