Benzinin qiyməti qalxdı
Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir.
Sfera.az bu barədə Azərbaycan Respublikası Tarif Şurasının rəsmi səhifəsinə istinadən xəbər verir.
Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılmışdır.
Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilmişdir. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.
Məlumat üçün bildiririk ki, tarif dəyişikliyindən sonra da "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.
Şuranın iclasında həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli Qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilmişdir.