ABŞ-İran gərginliyi azalır: Enerji qiymətləri enəcək?
Dünyada enerji qiymətlərinin artmasında İran ilə ABŞ arasındakı geosiyasi gərginliyin yüksəlməsinin və Hörmüz boğazından keçidin çətinləşməsinin böyük təsiri olub. Bu təsirin nəticəsində neftin qiyməti 70–80 dollar səviyyəsindən 100–110 dollara, bəzi günlərdə isə hətta 120 dollar həddinə qədər yüksəlib.
Ehtimallara görə, 2026-cı ilin sonuna doğru ABŞ İranla Hörmüz boğazından daşımaların təşkili ilə bağlı razılaşma əldə edə biləcək. Bu gözlənti daxilində bütün yanacaq məhsullarının, o cümlədən benzin və dizel yanacağının ucuzlaşacağı təxmin edilir.
İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, dünya bazarında neftin qiymətinin dəyişməsi geosiyasi risklərdən, təchizat imkanlarından və qlobal tələbatdan asılıdır.
Onun sözlərinə görə, İranla ABŞ arasında münaqişənin başa çatması və enerji təchizatında yaranan problemlərin aradan qalxması bazardakı gərginliyi azalda bilər:
“Hazırda neftin qiymətinə təsir edən əsas amillərdən biri təchizatla bağlı qeyri-müəyyənlikdir. Risklərin azalması və neft tədarükünün əvvəlki səviyyəyə qayıtması qiymətlərin enməsinə şərait yarada bilər. Bununla belə, ucuzlaşmanın miqyası münaqişənin hansı şərtlərlə başa çatacağından, İranın neft ixracının bərpasından və dünya bazarında tələbatın dinamikasından asılı olacaq”.

A.İbrahimovun fikrincə, neftin ucuzlaşması benzin qiymətlərinə də təsir edə bilər, lakin bu dəyişiklik istehlakçılar tərəfindən dərhal hiss olunmayacaq:
“Çünki benzinin son qiyməti yalnız xam neftin dəyəri ilə müəyyənləşmir. Neftin emalı, daşınması, sığorta, vergilər və digər xərclər də qiymət formalaşmasında mühüm rol oynayır. Dünya bazarında neftin qiyməti aşağı düşdükdə bu dəyişikliklərin pərakəndə satış qiymətlərində əks olunması müəyyən vaxt tələb edə bilər. Buna görə də beynəlxalq bazarda baş verən ucuzlaşmanın yanacaqdoldurma məntəqələrindəki qiymətlərə təsiri bir sıra əlavə amillərdən asılıdır”.
İqtisadçı Azərbaycanda yanacağın qiymətləri ilə bağlı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün dünya bazarında neftin ucuzlaşması bu yanacaq növlərinin qiymətinin avtomatik aşağı düşməsi demək deyil:
“Aİ-95 markalı benzinin qiymətinin isə fərqli bazar mexanizmi ilə formalaşdığını vurğulayan iqtisadçı qeyd edib ki, bu halda idxal xərcləri və təchizat şərtləri xüsusi əhəmiyyət daşıyır. Beləliklə, dünya bazarında neftin ucuzlaşmasının Azərbaycanda benzinin qiymətinə təsiri yanacağın növündən və daxili bazarda qiymətlərin formalaşma mexanizmindən asılı olacaq”.
İradə Elsevər






