İdxal inflyasiyası güclənir: "Mərkəzi Bank siyasətini sərtləşdirə bilər"
Dünya bazarında enerji qiymətlərinin artması Azərbaycanda da qiymət dinamikasına təsirsiz ötüşmür. Xüsusilə idxal olunan məhsulların maya dəyərinin yüksəlməsi ölkədə inflyasiya təzyiqlərini artırır.
Bəs idxal inflyasiyasının güclənməsi ölkə daxilində qiymətlərə nə dərəcədə təsir edir?
İqtisadçı Elçin Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, enerji qiymətlərinin artımından qaynaqlanan inflyasiya Azərbaycana idxal edilən məhsulların qiymətlərində də özünü göstərir.
Onun sözlərinə görə, bu proses ölkədə ümumi inflyasiyanın yüksəlməsinə müəyyən qədər təsir edir.

İqtisadçı qeyd edib ki, idxal inflyasiyasının təsirləri davam edərsə, bu, daxili bazarda qiymətlərin sabitliyinin qorunmasını daha da aktuallaşdıra bilər:
“Belə vəziyyətdə Mərkəzi Bankın həyata keçirəcəyi pul siyasəti xüsusi əhəmiyyət daşıyır. İdxal olunan inflyasiyanın ölkədə qiymət sabitliyi üçün ciddi risk yaratdığı qənaətinə gəlinərsə, Mərkəzi Bank pul siyasətini sərtləşdirməyə cəhd göstərə bilər. Bu, uçot faiz dərəcəsinin artırılması və ya digər pul siyasəti alətlərindən istifadə edilməsi yolu ilə həyata keçirilə bilər”.
Ekspert deyib ki, xarici bazarlarda baş verən qiymət dəyişikliklərinin Azərbaycana təsiri əsasən idxal kanalı vasitəsilə özünü göstərir. Onun fikrincə, bu şəraitdə manatın məzənnəsinin qiymətləndirilməsində ticarət balansı, inflyasiya təzyiqləri və Mərkəzi Bankın qərarları mühüm rol oynayır.
İradə Elsevər






