Hüquqi şəxslər "Bank Respublika"dan qaçır - Rəqəmlər
"Bank Respublika"nın 2026-cı ilin oktyabrın 1-nə olan balans məlumatına əsasən, hüquqi şəxslərin bankda olan depozitlərinin həcmində ötən ilin sonu ilə müqayisədə ciddi azalma qeydə alınıb.
Sfera.az bankın açıqladığı məlumata istinadən xəbər verir ki, ötən ilin sonunda 753 milyon manat olan depozitlərin dəyəri bu ilin oktyabrın 1-də 492 milyon manata geriləyib.
Doqquz ay ərzində bankda hüquqi şəxslərə aid olan depozitlərin həcmi 261 milyon manat və ya 35 faizə yaxın azalıb.
Hüquqi şəxslərin depozitlərinin azalması bankın öhdəliyini də azaldıb. Bu il ərzində bankın öhdəlikləri 103 milyon manat azalaraq 2,373 milyard manat olub.
Hüquqi şəxslərin depozitləri azaldığından bank digər borclarını artırıb. Bankın öhdəlikləri arasında artım kredit təşkilatları və digər maliyyə institutları qarşısında borclarda baş verib. Doqquz ayda bu növ öhdəliklər 151 milyon manat artaraq 1,16 milyard manata çatıb.
Bankın öhdəliklərində azalma onun aktivlərinə də təsir edib. Doqquz ayda "Bank Respublika"nın aktivləri 68 milyon manat azalaraq 2,658 milyard manat təşkil edib.
Vasif






