Toyuq əti və yumurta ucuzlaşacaq? - AÇIQLAMA

Toyuq əti və yumurta ucuzlaşacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə quş əti istehsalı 17,2 min ton (+30,5 %), yumurta istehsalı isə 30,7 milyon ədəd (+3,4 %) artıb. Quşçuluq müəssisələrində cəmi quşların sayı 13 milyon 214,8 min baş təşkil edib.

Bu da illik müqayisədə 2 milyon 672,9 min baş və ya 25,3 % çoxdur.

Quş əti istehsalının bir ildə 30,5% artmasının əsas səbəbləri nədir? İstehsalın artması toyuq ətinin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?


Bu barədə Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sfera.az-a açıqlama verib. O, quş əti və süfrə yumurtası istehsalının artmasının, əsasən, bu sahəyə göstərilən diqqət və qayğı ilə bağlı olduğunu vurğulayıb:


“Ölkə başçısı tərəfindən quşçuluq sektoruna xüsusi diqqət ayrılır. Bu sahədə quşçuluq avadanlıqlarının təmin olunması, dotasiya və subsidiyaların verilməsi, fəaliyyət göstərən sahibkarların vergilərdən, eləcə də avadanlıqların gömrük rüsumlarından azad edilməsi istehsalın inkişafına ciddi təkan verib. Quş əti ölkənin ərzaq tələbatının ödənilməsində xüsusi rol oynayır. Bildiyiniz kimi, hazırda Azərbaycanda adambaşına illik 40 kiloqramdan çox, təxminən 40,5 kiloqram ət istehlak olunur. Bunun 7,5 kiloqramını balıq əti, təxminən 20 kiloqramını isə toyuq əti təşkil edir. Qalan hissənin əsas payı qoyun və mal ətinin üzərinə düşür”.


M.Həsənli qiymət artımının olmayacağını açıqlayıb:


“Bu sahədə ciddi artım var. Məsələn, ötən il ölkənin toyuq ətinə olan tələbatı 170 min ton idisə, bu il həmin göstəricinin 200 min tona çatacağı gözlənilir. Tələbat artdıqca istehsal da artır. Buna görə də hazırda qiymətlərin yüksəlməsi ehtimalı azdır. Qiymət artımına səbəb ola biləcək əsas amil yemin bahalaşmasıdır. Əgər yemin qiyməti qalxarsa, bu, toyuq ətinin və yumurtanın qiymətinə də təsir göstərə bilər. Lakin hazırda yemin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər ucuzdur.

Bu baxımdan, indiki şəraitdə nə süfrə yumurtasının, nə damazlıq yumurtanın, nə də toyuq ətinin qiymətində artım gözlənilir. Qeyd edim ki, süfrə yumurtasının 2016-cı ildəki satış qiyməti ilə 2026-cı ildəki qiyməti, demək olar ki, eynidir. Toyuq ətinin qiymətində isə 2016-cı ildən 2026-cı ilədək cəmi 15-20 faiz civarında artım qeydə alınıb. Bu artıma inflyasiyanın, eləcə də müxtəlif dövrlərdə kommunal xidmətlərin qiymətlərinin yüksəlməsinin ciddi təsiri olub”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR