Neft qiymətləri il sonunadək aşağı düşəcək
ABŞ-nin maliyyə naziri Skott Bessent neft qiymətlərinin 2026-cı ilin sonunadək ucuzlaşa biləcəyini bildirib. Onun sözlərinə görə, bu, İranla münaqişənin necə inkişaf edəcəyindən asılı olacaq.
Sfera.az xəbər verir ki, nazir bu barədə bazar günü "NBC News" telekanalının “Meet the Press” proqramında jurnalist Kristen Uelkerə müsahibəsində danışıb.
2027-ci ilin əvvəlində qiymətlərin azalması ehtimalı ilə bağlı suala cavab verən Bessent enerji qiymətlərindəki artımı müharibənin yaratdığı şokla əlaqələndirib. O bildirib ki, baza inflyasiyası azalır, ərzaq qiymətləri Federal Ehtiyat Sisteminin hədəf göstəricilərindən aşağı səviyyədə qalır, kirayə haqları və reseptlə satılan dərmanların qiyməti də aşağı düşüb.
“İranla münaqişəni geridə qoyacağıq və qiymətlər azalacaq”, – deyə nazir vurğulayıb.
Jurnalist ABŞ-də inflyasiyanın sentyabrda 3,7 faizə yüksəldiyini xatırladıb. Müqayisə üçün qeyd edək ki, Donald Tramp prezident vəzifəsinə başladığı dövrdə bu göstərici 3 faiz olub.
Administrasiyanın iqtisadi vəziyyətə görə nə vaxt məsuliyyət daşıyacağı ilə bağlı suala cavabında Bessent hökumətin iqtisadi nəticələrə görə cavab verməyə hazır olduğunu bildirib. O, ilin əvvəlindən özəl sektorda bir milyon iş yerinin yaradıldığını və Amerika ailələrinin ümumi rifahının rekord həddə çatdığını da iddia edib.
Müsahibə zamanı Rusiyanın neft və yanacaq məhsullarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması qərarı da müzakirə olunub. Jurnalist bu addımın Ukraynaya qarşı müharibəyə başlayan Rusiya Prezidenti Vladimir Putinə güzəşt olub-olmadığını soruşub.
Bessent bildirib ki, Tramp hərbi əməliyyatları dayandırmağa çalışır. Onun sözlərinə görə, “Graham qanun layihəsi” kimi tanınan təşəbbüs prezidentə vəziyyəti qiymətləndirmək və qərar vermək üçün 60 gün vaxt verir. Nazir, həmçinin Avropa ölkələri Rusiya enerji resurslarından istifadəni davam etdirdiyi halda, əsas yükün niyə ABŞ-nin üzərinə düşməli olduğunu sual edib.
Yanacağın bahalaşması ABŞ vətəndaşlarını narahat edən əsas məsələlərdən biri olaraq qalır. Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, bazar günü ölkədə benzinin orta qiyməti bir qallona görə 4,29 dollar təşkil edib. “Fox News” telekanalının sorğusu isə amerikalıların 83 faizinin benzinin yüksək qiymətindən narahat olduğunu göstərib.
ABŞ-nin energetika naziri Kris Rayt da Tramp administrasiyasının qiymətləri azaltmaq vədindən geri çəkilmədiyini bildirib. Onun sözlərinə görə, son həftələrdə benzin və dizel yanacağının qiyməti artıq azalıb və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Fatimə
Sfera.az






