Havalar istiləşir, kənd təsərrüfatı risk altında - Ekspertdən AÇIQLAMA

Havalar istiləşir, kənd təsərrüfatı risk altında - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Qlobal istiləşmə kənd təsərrüfatında məhsuldarlığa təsir edən əsas amillərdən birinə çevrilib. Temperaturun yüksəlməsi ilə yanaşı, havanın kəskin dəyişməsi, intensiv yağıntılar, dolu və quraqlıq kimi ekstremal hava hadisələri də bitkiçilik üçün müəyyən risklər yaradır. Bu cür dəyişikliklər bitkilərin inkişafına, torpağın münbitliyinə və nəticədə məhsulun keyfiyyətinə və həcminə təsir göstərə bilər. Belə şəraitdə fermerlərin aqrotexniki qaydalara düzgün əməl etməsi, torpağın münbitliyini qoruması və bitkilərin stres amillərinə davamlılığını artırması xüsusi əhəmiyyət daşıyır.

Bəs qlobal istiləşmənin kənd təsərrüfatına təsirlərini azaltmaq və məhsuldarlığı qorumaq üçün hansı tədbirlər görülməlidir? İqlim dəyişiklikləri fonunda fermerlər hansı məqamlara diqqət yetirməlidirlər?

İqtisadçı ekspert Vahid Məhərrəmov Sfera.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmənin kənd təsərrüfatının hər hansı bir sahəsinə təsir göstərməyəcəyini söyləmək düzgün olmaz.

“Temperaturun yüksəlməsi ilə yanaşı, hava şəraitində baş verən kəskin dəyişikliklər də əkin sahələrində ciddi problemlər yarada bilər. Yağışlar, dolu, quraqlıq və temperaturun həddindən artıq yüksəlməsi bitkilərdə stress yaradır. Bu isə onların inkişafına və məhsuldarlığına mənfi təsir göstərə bilər. Belə şəraitdə fermerlərin vaxtında tədbir görməsi və aqrotexniki qaydalara əməl etməsi vacibdir”.

V.Məhərrəmovun sözlərinə görə, bitkilərin normal inkişafı üçün torpağın tərkibi və münbitliyi xüsusi əhəmiyyət daşıyır. O qeyd etdi ki, torpaqda çatışmayan qida elementlərinin müəyyənləşdirilməsi və onların lazımi qaydada torpağa verilməsi bitkilərin qidalanmasını yaxşılaşdırır, davamlılığını artırır:

"Bununla yanaşı, əkin sahələrinə vaxtında qulluq göstərilməsi də bitkilərin əlverişsiz hava şəraitinə qarşı müqavimətini gücləndirə bilər. Əgər fermerlər aqrotexniki tədbirləri vaxtında və düzgün həyata keçirməklə iqlim dəyişikliklərinin mənfi təsirlərini müəyyən dərəcədə azalda bilərlər. Bu, həm məhsuldarlığın qorunmasına, həm də kənd təsərrüfatı istehsalının davamlılığına müsbət təsir göstərə bilər”.

O əlavə edib ki, dünyada iqlim dəyişiklikləri nəticəsində ayrı-ayrı bölgələrdə quraqlıq, intensiv yağıntılar və digər təbiət hadisələri ilə bağlı çətinliklər yaransa da, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün müxtəlif üsullardan istifadə olunur. Ekspertin fikrincə, düzgün aqrotexniki qulluq və torpağın münbitliyinin qorunması bitkilərin davamlılığını artırmaqla yanaşı, istehsalın inkişafına da töhfə verə bilər:

“Fermerlər iqlim şəraitindəki dəyişiklikləri nəzərə almalı, əkin sahələrinin xüsusiyyətlərinə uyğun tədbirlər görməli və torpaqdan səmərəli istifadə etməlidirlər. Bu yanaşma kənd təsərrüfatında risklərin azaldılması və məhsuldarlığın yüksəldilməsi baxımından mühüm rol oynaya bilər”.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR