İslam maliyyəsinə keçid: Azərbaycanda bank xidmətləri ucuzlaşacaq?
Azərbaycan bank sektorunda köklü dəyişikliklərə yol açacaq yeni hüquqi baza hazırlanır. İslam maliyyəsi mexanizmlərinin ölkədə tətbiqini nəzərdə tutan qanunvericilik layihələri faizsiz bankçılıq modelinin gələcək perspektivlərini aktiv müzakirə mövzusuna çevirib. Ekspertlər və bazar iştirakçıları bu modelin vətəndaşların kredit yükünü necə yüngülləşdirəcəyini, bank xidmətlərinin qiymətinə təsirlərini və xüsusilə biznes sektorunun maliyyələşdirilməsində hansı yeni pəncərələr açacağını yaxından izləyir.
İqtisadçı Elçin Rəşidov Sfera.az açıqlamasında bildirib ki, bu qərar vətəndaşlar üçün daha sərfəli ola bilər, burada xidmət fərqlidir və bəzi sahələrdə risk daha aşağıdır:
“Risklərin həm aşağı olması, həm də bəzi xidmət sahələrində işin daha sadə aparılması bankların xərclərinə və xidmət haqqına da müsbət şəkildə təsir edir".
İqtisadçı qeyd edib ki, bu məsələnin indiyə qədər gecikməsi Azərbaycanda biznes sektoru üçün çox böyük potensialın itirilməsinə səbəb olub, nəhayət ki, ilk addımlar atılır:
"Bank münasibətlərində və müqavilələrdə əsas məsələ risklərin aşağı olmasıdır, risklər aşağı olanda, bank aşağı xidmət haqqı tətbiq edə bilirlər".
O, qeyd edib ki, ənənəvi qeyri-islam bankçılığında, yəni faizlə olan bankçılıqda bank heç bir risk daşımır:
“Tutaq ki, siz biznes qurusunuz və bu biznesin uğurlu olub-olmamasından asılı olmayaraq, bank sizdən öz faizini tələb edir. Hər kreditini, verdiyi məbləği, faizi- hamısını tələb edir”.
E.Rəşidov vurğulayıb ki, belə olduğu halda, bankın qiymətləndirilməsindən keçən bizneslərin uğurlu olmaq ehtimalı da artır:
“Burada bütün tərəflər, hətta ölkə iqtisadiyyatı da qazanır. Çünki bizneslərin batması fərdə də və ölkə iqtisadiyyatına da zərərdir. Lakin bizneslər uğurlu olduqda bu hamının xeyrinədir”.

Ekpertin fikrincə, banklardan tələb olunan, Mərkəzi Bankın dəstəyi ilə, artıq belə bir məhsulu bazara çıxarmaqdır və həmin məhsulun təbii ki, öz müqavilə şərtləri var. Eyni zamanda banklardan tələb olunan bizneslərə, biznesləri düzgün qiymətləndirməkdir:
“Məsələn, faiz olan sistemdə bəzi risklər var ki, burada həmin risklər özünü başqa cür göstərir. Bu sistemdə girovsuz kredit verirdilər və sonra məlum olurdu ki, girovsuz kreditləri öz adamlarına ötürüblər. Belə olduğu halda bankın pulunu kənara çıxarırdılar. Təbii ki, Mərkəzi Bank bunu tənzimləməlidir, belə bir kreditin verilməsinə icazə verməməlidir”.
İqtisadçı xüsusilə qeyd edib ki, bu hallar ölkə iqtisadiyyatına da zərər veribdir:
“Bu vəsaitlərin bir hissəsi ölkədən çirkli pullar formasında çıxarılıb, nəticədə bir çox insanın depozitləri batıb. Belə halların qarşısını almaq üçün bank daxilində şəffaf qərarvermə və nəzarət sistemi olmalıdır. Bank əməkdaşı bilərəkdən riskli layihəyə kredit ayıra bilər. Buna görə də bankın təsisçiləri, müşahidə şurası və idarə heyəti kreditlərin düzgün bizneslərə yönəldilməsində maraqlı olmalıdırlar”.
O, deyib ki, İslam maliyyəsində bank sadəcə girov götürüb faizlə kredit vermir, biznesin riskini də bölüşür:
“Layihə uğurlu olarsa, bank da gəlir əldə edir, uğursuz olarsa, zərər riski ilə üzləşir. Buna görə bank bizneslərin düzgün qiymətləndirilməsi və fəaliyyətinə nəzarət sistemini qurmağa, qərarları daha məsuliyyətlə verməyə çalışmalıdır. Ənənəvi bankçılıqda isə girov, faiz və ödənişlər biznesin nəticələrindən müəyyən dərəcədə ayrı qalır”.
Fatimə Ələkbər






