Azərbaycan iki gəmi inşa edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək məqsədilə Bakıya işgüzar səfəri çərçivəsində oktyabrın 15-də “Qazaxıstan Dəmir Yolları” (Қазақстан Темір Жолы/QDY) SC-nin törəmə şirkəti olan “KTZ Express Shipping” MMC üçün iki universal quru yük gəmisinin inşası layihəsi üzrə sənədlərin mübadiləsi mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə "Samruk-Kazına" fondunun mətbuat xidməti məlumat yayıb. Gəmilərin inşasına dair müqavilələr 2026-cı ilin aprelində imzalanıb.
Mərasimdə “Samruk-Kazına” SC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, AZCON Holding-in Müşahidə Şurasının sədri Rəşad Nəbiyev iştirak ediblər.
Gəmilər Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək. Yeni quru yük gəmilərinin Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) istifadəsi nəzərdə tutulur.
“Özünün dəniz donanmasının inkişafı Qazaxıstana yükdaşımaların idarə edilməsinin səmərəliliyini artırmağa, Transxəzər marşrutunun daşıma imkanlarını genişləndirməyə və beynəlxalq yük axınlarının cəlb edilməsi üçün əlavə şərait yaratmağa imkan verəcək”, - deyə “Samruk-Kazına” Fondunun məlumatında bildirilib.
Layihə Tokayevin tapşırıqlarının icrası çərçivəsində həyata keçirilir və multimodal nəqliyyat-logistika sisteminin inkişafına, Qazaxıstanın tranzit potensialının gücləndirilməsinə, eləcə də ölkənin beynəlxalq nəqliyyat marşrutlarındakı mövqeyinin möhkəmləndirilməsinə yönəlib.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsi sədrinin müavini Kasım Tlepov Dünya Bankı Qrupunun onlayn formatda keçirilən “Orta Dəhliz: növbəti mərhələ” adlı tədbirində bildirib ki, Qazaxıstan 2028-ci ilədək konteyner daşımaları üçün daha səkkiz gəminin təhvil alınmasını gözləyir. Onlardan dördü Bakı Gəmiqayırma Zavodunda, digər dördü isə Çində inşa ediləcək.
Qeyd edək ki, oktyabrın 15-də Bakıda Azərbaycanın sədrliyi ilə AQEM-in VII sammiti keçirilib. Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri, eləcə də müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər./Trend






