Orta Dəhliz genişlənir: Xəzərdə yeni layihələr reallaşa bilər
Xəzərin dibi ilə mühüm regional və qlobal əhəmiyyətə sahib layihə reallaşdırılıb. Oktyabrın 15-də Azərbaycan və Qazaxıstan Prezidentlərinin iştirakı ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub. Bu layihə rabitə, internet əlaqəsinin yaxşılaşmasına kömək edəcək.
Qeyd edək ki, Xəzər mühüm mövqeyə malikdir və bu su hövzəsinə çıxışı olan ölkələr bir çox regional layihələrə qoşulub. Buna görə də gələcəkdə Xəzərin dibi ilə başqa layihələrin reallaşdırılması ehtimalı var.
Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Xəzər regionu ölkələri arasında əməkdaşlığın geniş olduğunu, həmçinin nəqliyyat, enerji və rəqəmsal infrastrukturu əhatə etdiyini qeyd edib:
“Bu layihə gələcəkdə daha böyük regional təşəbbüslərin reallaşdırılması üçün mühüm imkanlar yaradır. Xüsusilə Xəzər dənizinin dibi ilə Mərkəzi Asiyadan Azərbaycana yaşıl enerjinin ötürülməsini nəzərdə tutan elektrik kabeli layihəsi strateji əhəmiyyət daşıyır”.

Politoloqun fikrincə, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasına şərait yarada bilər.
O qeyd edib ki, digər mühüm istiqamət Orta Dəhlizin genişləndirilməsi, Xəzər limanlarının yükötürmə imkanlarının artırılması, dəmir yolu və logistika infrastrukturlarının vahid sistem şəklində inkişaf etdirilməsidir:
“Azərbaycan və Qazaxıstan arasında məlumat mərkəzlərinin yaradılması, rəqəmsal tranzit xidmətlərinin genişləndirilməsi, telekommunikasiya şəbəkələrinin inteqrasiyası da perspektivli əməkdaşlıq sahələridir”.
Z.Qarayeva vurğulayıb ki, bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında yalnız enerji və nəqliyyat deyil, həm də rəqəmsal kommunikasiya bağlantılarında mühüm tranzit mərkəzinə çevrilməsi üçün əlavə imkanlar yaradır:
“Əsas məsələ isə bu layihələrin iqtisadi səmərəliliyinin təmin edilməsi, maliyyələşmə mexanizmlərinin formalaşdırılması və regional tərəfdaşlar arasında uzunmüddətli koordinasiyanın gücləndirilməsidir”.
Fatimə Ələkbər






