"Bu il 620 yeni standart qəbul edilib" - Kəmalə Məmmədzadə
Azərbaycanda standartlaşdırma sahəsində yeni dövlət standartlarının qəbulunun sürəti artıb. Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Günü münasibətilə keçirilən maarifləndirmə tədbirində məlumat verib.
Sfera.az xəbər verir ki, K.Məmmədzadə standartlaşdırma sahəsində görülən işlərin əsas göstəricilərindən birinin yeni dövlət standartlarının hazırlanması və qəbul edilməsi olduğunu vurğulayıb.
O bildirib ki, son illərdə bu sahədə fəaliyyət ardıcıl şəkildə genişləndirilib:
“Belə ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 132, 2025-ci ildə isə 345 yeni dövlət standartı qəbul edilib”.
K.Məmmədzadə söyləyib ki, 2026-cı ilin ilk doqquz ayı ərzində 620 yeni dövlət standartı qəbul olunub:
"Onlardan 530-dan çoxu istinad standartlarıdır. Mövcud dövlət standartlarının təkmilləşdirilməsi, aktuallığının və tətbiq səmərəliliyinin müəyyənləşdirilməsi məqsədilə normativ sənədlərin yoxlanılması da həyata keçirilir. 2026-cı ilin ilk doqquz ayı ərzində 28 dövlət standartı yoxlanılıb”.
İradə Elsevər






