"Standartlara uyğun məhsulun ixracı asanlaşır" - İlqar Əsədov

"Standartlara uyğun məhsulun ixracı asanlaşır" - İlqar Əsədov
Kateqoriya məlum deyil
T

Bakıda Ümumdünya Standartlar Günü münasibətilə media nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilir.

Sfera.az xəbər verir ki, “Fairmont Baku Flame Towers” hotelində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri İlqar Əsədov çıxış edib.

İ.Əsədov çıxışında bildirib ki, hər il oktyabrın 14-ü Ümumdünya Standartlar Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu gün standartlaşdırmanın cəmiyyətin həyatında, iqtisadiyyatın inkişafında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində, eləcə də insanların sağlamlığının və ətraf mühitin qorunmasında oynadığı rolu diqqətə çatdırmaq baxımından əhəmiyyətlidir.

Agentliyin sədri qeyd edib ki, beynəlxalq standartlara uyğun istehsal olunan məhsulların ixrac potensialı artır:

“Bu isə iqtisadi inkişafa müsbət təsir göstərir. Standartlaşdırma yalnız texniki tələblərin müəyyən edilməsi deyil, həm də keyfiyyətin, təhlükəsizliyin, etibarlılığın və davamlı inkişafın təmin olunması vasitəsidir”.

İ.Əsədov deyib ki, standartlaşdırmanın iqtisadiyyatda əhəmiyyətini beynəlxalq ticarətin göstəriciləri də aydın nümayiş etdirir. Onun sözlərinə görə, Dünya Bankının “World Development Report 2025: Standards for Development” hesabatında dünya ticarətinin təxminən 90 faizinin qeyri-tarif maneələrinin təsir dairəsində olduğu, bu tədbirlərin əhəmiyyətli hissəsinin isə standartlarla əlaqəli olduğu vurğulanır:

“Bu göstərici dünya ticarətində tariflərdən əlavə, texniki və digər tələblərin də geniş tətbiq olunduğunu göstərir. Məhsulun təhlükəsizliyi, tərkibi, etiketlənməsi, sınaq prosedurları və texniki uyğunluğu ilə bağlı tələblər həmin məhsulun xarici bazarlara çıxışında mühüm rol oynayır. Yerli istehsalçı məhsulunu başqa ölkəyə ixrac etmək istədikdə həmin ölkənin təhlükəsizlik, etiketlənmə, tərkib və digər texniki tələblərini nəzərə almalıdır. Bu tələblərə uyğunluğun təmin edilməsi əlavə sınaqların, sənədləşmənin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsini tələb edə bilər”.

Belə şəraitdə beynəlxalq standartların rolunun artdığını bildirən İ.Əsədov söyləyib ki, müxtəlif ölkələrdə texniki tələblərin uyğunlaşdırılması istehlakçılar və istehsalçılar üçün əlavə xərclərin, eləcə də təkrar sınaqların azaldılmasına, məhsulların beynəlxalq bazarlara çıxışının asanlaşdırılmasına şərait yaradır:

“Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və 2023–2025-ci illər üçün Dövlət Proqramı ölkədə keyfiyyət infrastrukturunun təkmilləşdirilməsində yeni mərhələnin əsasını qoyub”.

O, son illərdə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilən dövlət standartlarının sayında əhəmiyyətli artım olduğunu da diqqətə çatdırıb. Bildirib ki, 2021–2024-cü illər ərzində qəbul edilmiş dövlət standartlarının sayı 9,6 dəfə artıb:

“Təkcə cari ilin ilk doqquz ayı ərzində 620 yeni dövlət standartı qəbul edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 60-ı qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edir”.

İ.Əsədov vurğulayıb ki, növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığın genişləndirilməsi və praktiki tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaq. O, həmçinin, Azərbaycan Standartlaşdırma İnstitutunun beynəlxalq səviyyədə artan roluna da toxunub:

“Azərbaycanın mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində iştirak edir, standartların hazırlanması və müzakirəsi proseslərinə töhfə verir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR