Mərkəzi Bankın nəzarət mexanizmi genişləndirilir

Mərkəzi Bankın nəzarət mexanizmi genişləndirilir
Kateqoriya məlum deyil
T

Azərbaycanda Mərkəzi Bankın nəzarət mexanizminin əhatə dairəsi genişləndirilir.

Nəzarət ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarını da əhatə edəcək.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, Qanunun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan 48-1-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunub.

Dəyişikliklər Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycanın müvafiq sahədəki fəaliyyətinə dair beşinci raund qiymətləndirmə hesabatında FATF-ın 26-cı və 27-ci tövsiyələri üzrə irəli sürülən tələblərlə əlaqədar hazırlanıb. Yeni qaydalara əsasən, banklar, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, eləcə də xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət həyata keçiriləcək.

Bu, ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da bütöv şəkildə nəzarət altında saxlanılmasını nəzərdə tutur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR